İsrail-İran müharibəsi mümkündür: Azərbaycana da təsir edəcək

İran Ordusunun baş komandanı, general-mayor Əbdülrəhim Musəvi İsrailə xəbərdarlıq edib. O, bildirib ki, İsrail İrana zərər verə bilməz: “İran təhdidlərə lazımi cavab verməyə tam hazırdır”.
Musəvi bu sözləri İsrail rəsmilərinin son həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməsi ilə bağlı ritorikasına dair suala cavab olaraq deyib.
Məlum olduğu kimi, tərəflər arasında gərginlik getdikcə artır. Bəzi ekspertlərə görə, yeni müharibənin başlanması an məsələsidir. İranlı nazir də buna işarə vurub?
Onun dedikləri barədə Crossmedia.az-a açıqlama verən politoloq, professor Əlimusa İbrahimov bildirib ki, İsrailin İranı hücumla hədələməsi fonunda Tehran da öz növbəsində müharibəyə hazır olduğunu bəyan etməli və ona qarşı yönələcək istənilən hücumu dəf etməyə tam hazır olduğunu göstərməlidir: "İranda hesab olunur ki, İsrail ABŞ-nin dəstəyi olmadan İrana qarşı bir raket zərbəsi belə endirmək gücünə malik deyil. Doğrudan da, İsrail indiyə qədər ABŞ-ə arxalanaraq İranla bağlı müharibə ritorikasını davam etdirib. Bu günə qədər İsrailin İranın nüvə obyektlərinə hərbi zərbə endirməməsi məhz ABŞ-nin buna razılıq verməməsi ilə əlaqədardır. Hazırda İsrail İrana hərbi hücum həyata keçirmək üçün ABŞ-dən dəstək almağa ciddi-cəhdlə çalışır. Təbii ki, burada "icazə" anlayışının arxasında yalnız razılıq deyil, həm də real siyasi və hərbi dəstək nəzərdə tutulur. ABŞ-ın prezidenti Donald Tramp isə İsrail hökumətinin, xüsusilə də baş nazir Benyamin Netanyahunun dəfələrlə etdiyi müraciət və tələblərə cavab verməmişdir. İsraillə ABŞ arasında son dövrlərdə müşahidə olunan münasibətlərin soyumasının əsas səbəblərindən biri də məhz bu məsələyə bağlıdır".
Politoloq Musəvinin İsrailə lazım olan cavabı verməyə hazır olduqlarını bildirməsi ilə İranın həqiqətən İsraillə baş verə biləcək müharibədən çəkinmədiyinə işarə etdiyini vurğulayıb: "Əgər belə olmasaydı, İranlı yüksək rütbəli hərbçi İranın İsrail-ABŞ tandeminin hücumuna hazır olduğunu bəyan etməzdi. ABŞ-nin İsrailin İrana zərbə endirməsinə icazə verməməsi Netanyahunu ciddi şəkildə narahat edir və o, Trampın Tehranla yenidən razılaşma imzalayacağından dərin narahatlıq keçirir. Netanyahu hesab edir ki, ABŞ ilə İran arasında imzalanacaq istənilən saziş İsrailin maraqları ilə üst-üstə düşməyəcək. Məhz bu səbəbdən İsrail tərəfindən müəyyən məlumatlar yayılmaqdadır ki, bu xəbərlər də ölkənin mümkün hücuma hazırlaşdığını göstərir. Başqa sözlə, İsrail ABŞ-nin razılığı olmasa belə, hərbi əməliyyatı təkbaşına həyata keçirməyi planlaşdırır və əmindir ki, müharibə başladığı təqdirdə Vaşinqtonun Təl-Əvivi müdafiə etməkdən başqa alternativi qalmayacaq".
Sonda Ə. İbrahimov məhz buna görə regionda ciddi narahatlığın hökm sürdüyünü qeyd edib: "Çünki İranla müharibə başladığı təqdirdə bu, genişmiqyaslı silahlı toqquşmaya çevriləcək və bölgədə heç bir ölkə bu qarşıdurmanın təsirindən kənarda qala bilməyəcək".
19:55 27.05.2025
Oxunuş sayı: 1462