İsrail mediası qarışıb: Ərdoğanın Suriyaya gözlənilən səfəri ciddi rezonans yaradıb

Prezident Rəcəb Tayyib Ərdoğanın Suriyaya mümkün səfər planı İsrail mətbuatında geniş rezonans doğurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.
İsrail mediası 4-cü Antalya Diplomatiya Forumundakı hadisələrə diqqət göstərib və xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya ilə bağlı açıqlamalarını ön plana çıxarıb.
İsrailin “Maariv” qəzeti “Ərdoğan Suriyada tarixi bir addım planlaşdırır" başlıqlı xəbərində bu səfərin əhəmiyyətinə geniş yer ayırıb. Xəbərdə Türkiyənin Suriyanın ərazi bütövlüyünə və suverenliyinə önəm verdiyi xüsusi olaraq qeyd edilib. Həmçinin Fidanın forum çərçivəsində Suriyada sabitliyin təmin olunması yönündəki çıxışları da diqqət çəkib.
“Maariv” qeyd edib ki, Türkiyə-Suriya münasibətlərində yeni mərhələnin başlana biləcəyi ehtimal olunur. Eyni zamanda, Suriya Prezidenti Əhməd Şaranın 4-cü Antalya Diplomatiya Forumunda iştirak etməsi və burada bir sıra ikitərəfli təmaslar keçirməsi də vurğulanıb.
“Davar” xəbər saytı isə yazır ki, Ərdoğanın planlaşdırdığı bu səfər Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasında mühüm addım ola bilər.
Qeyd edək ki, digər nüfuzlu İsrail nəşri “Yediot Ahronot” səfərlə bağlı xəbərində “Ərdoğan Suriyanı ziyarət edəcək, tarixlə bağlı koordinasiya davam edir” başlığından istifadə edib.
“The Jerusalem Post” qəzeti də Ərdoğanın Suriyaya səfər planını gündəmə gətirib və səfərin region üçün əhəmiyyətini önə çıxarıb.
Bildirək ki, bütün bu məlumatlar fonunda Prezident Ərdoğanın Suriyaya səfəri, təkcə Türkiyə və Suriya deyil, həm də region ölkələri və beynəlxalq ictimaiyyət üçün diqqət mərkəzində olan hadisəyə çevrilib.
Xumar Emilqızı
22:48 14.04.2025
Oxunuş sayı: 1500