Sosial şəbəkələr depressiya mənbəyinə çevrilir?

Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Amma son illərdə oradakı neqativ paylaşımlar diqqətdən qaçmır. İnsanlar öz səhifələrində nəyi, necə paylaşmaq istədiklərinə sərbəst qərar versələr də, ümumi informasiya mühiti getdikcə daha depressiv hala gəlib.
Bəs sosial platformalar niyə getdikcə daha çox neqativ məzmunla dolur?
Məsələ ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, sosial şəbəkələr artıq ailə institutunun ayrılmaz bir hissəsinə çevrilib: "Əgər əvvəllər ənənəvi medianı ailədə bir-iki nəfər izləyirdisə, bu gün demək olar ki, bütün ailə üzvləri müasir medianı izləyirlər. Burada insanların səhhəti, həyat tərzi, sosial normaları ilə bağlı informasiyalar kifayət qədər çoxdur. Bu informasiyalar, təbii ki, öz neqativ təsirlərini göstərir. Sosial media hər keçən gün daha da güclənir və istifadəçilərin, eləcə də informasiya yayan insanların sayı sürətlə artır.
Müasir dövrdə hər bir insan sanki bir media təmsilçisi rolunu oynayır. Neqativ məlumatların artmasının əsas səbəblərindən biri budur ki, insanlar bu cür məlumatları oxumağa və paylaşmağa daha çox maraq göstərirlər. Ümumiyyətlə insanlar neqativ məzmunlu xəbərləri daha çox paylaşmağa həvəsli olurlar.
Bu gün sosial şəbəkələrdə neqativ məzmunun yayılması və onun sürətlə artması bir tendensiyaya çevrilib. Bunun səbəblərindən biri də sosial media istifadəçilərinin daha çox izlənmək və diqqət çəkmək istəməsidir. Necə ki, media subyektləri oxucu cəlb etmək üçün müəyyən üsullara əl atırlar, sosial şəbəkə istifadəçiləri də paylaşımlarını daha çox oxunaqlı və izlənilən etmək üçün neqativ mövzuları gündəmə gətirirlər. Bu, cəmiyyət üçün birmənalı şəkildə mənfi nəticələr doğurur. Həm insanlar arasında disbalans yaradır, həm də depressiv halların artmasına səbəb olur".
Hüseyn İbrahimov sosial mediada yayılan məlumatlara nəzarət mexanizmləri olmasının vacibliyini qeyd etdi: "Həm sosial media özlərinin, həm də media qurumlarının bu məsələyə xüsusi diqqət ayırması vacibdir. Cəmiyyətdə, ailə institutunda, təhsildə, səhiyyədə və digər sahələrdə neqativ təsir yaradan məlumatların yayılmasının qarşısının alınması üçün təbliğat və maarifləndirmə işləri genişləndirilməlidir.
Ümumilikdə cəmiyyətdə və ailə institutunda neqativ təsirlər yaradan halların qarşısının alınması üçün əlavə qanunlara da ehtiyac var.
Məsələn, bu gün Azərbaycanda vegetarian və ya vegan həyat tərzini seçən gənclərin sayı artmaqdadır. Bu həyat tərzini təbliğ edən müəyyən sosial şəbəkə qrupları var. Onlar öz ətraflarında insanları toplayaraq əvvəlcə onların həyat tərzinə, sonra isə düşüncə və dünyagörüşünə təsir göstərirlər. Hətta bu proses bəzi hallarda gənclərin milli düşüncəsinə mənfi təsir edə bilir.
Buna görə də bu kimi halların qarşısını almaq üçün kompleks və əlaqəli mexanizmlər hazırlanmalı, ciddi tədbirlər görülməlidir".
Elnurə Kərimova
20:09 06.02.2025
Oxunuş sayı: 3836