Rusiya Ukraynada sürətli irəliləyiş əldə edir: sülh danışıqları dayanıb
Rusiya Ukraynada müharibənin başlanğıcından bəri ən sürətli irəliləyişlərdən birini nümayiş etdirir. Tədqiqatlara görə, rus ordusu noyabr ayında 200 kvadrat mil ərazi ələ keçirib ki, bu da əvvəlki ayla müqayisədə iki dəfə çoxdur. Rusiya xüsusilə Donbas bölgəsində - Siversk, Slovyansk və Pokrovsk istiqamətlərində hücumları genişləndirir. Ukrayna tərəfi ağır döyüşlərin davam etdiyini, bəzi şəhərlərin yarısının artıq mübahisəli zona olduğunu bildirir.
Crossmedia.az "The Telegraph"-a istinadən xəbər verir ki, ABŞ və Rusiya arasında hazırlanmış sülh planında Ukraynanın geniş əraziləri güzəştə getməsi nəzərdə tutulsa da, Kiyev və Avropa bunu qəti şəkildə rədd edib. Eyni zamanda ABŞ administrasiyasında bu planla bağlı ziddiyyətli mesajlar verilir: bəziləri danışıqların “çox yaxın” olduğunu desə də, digərləri prosesdən imtinanın mümkünlüyünü bəyan edir. Bu fonunda Avropa liderləri Ukraynanın prosesdə “kənarda qoyula biləcəyi” ehtimalından narahatdır.
Analitiklər Rusiyanın bir neçə istiqamətdə irəliləyiş əldə etdiyini təsdiqləsələr də, Ukrayna müdafiə xəttinin tam çökməsinin gözlənilmədiyini vurğulayırlar. Qışın yaxınlaşması irəliləyişlərin tempini zəiflədə bilər, lakin Moskvanın Donbası tam ələ keçirmək planından geri çəkilməməsi müharibənin daha uzun müddət davam edəcəyini göstərir.
21:34 07.12.2025
Oxunuş sayı: 1397