Kubanıçbek Ömüralıyev: Orta Dəhliz Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir
Türk Dövlətləri Təşkilatı regional əməkdaşlığın inkişafı üçün fəal platformaya çevrilib.
Crossmedia.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türk dövlətləri üçün ortaq məqsəd aydındır: ümumi coğrafiyanı, mədəni əlaqələri, tarixi, insan kapitalını və iqtisadi potensialı praktiki və davamlı inkişafa çevirmək.
“Son illərdə TDT xarici siyasət və ticarətdən tutmuş energetika, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər müxtəlif sahələrdə 63 mexanizmi əhatə edən çoxşaxəli əməkdaşlığı genişləndirib.
TDT-yə üzv və müşahidəçi dövlətlərin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb, ümumi ticarət dövriyyəsi təxminən 1,27 trilyon ABŞ dollarına çatıb, əhalisinin sayı isə 180 milyonu keçib. Bu rəqəmlər ümumi iqtisadi potensialımızın miqyasını nümayiş etdirir və eyni zamanda üzərimizə düşən məsuliyyəti xatırladır.
Bizim məqsədimiz yalnız ticarət həcmini artırmaqla məhdudlaşmamalıdır. Eyni zamanda ticarəti daha sürətli, proqnozlaşdırıla bilən, rəqəmsal və şaxələndirilmiş etməli, bütün region üzrə biznes və icmalar üçün daha faydalı imkanlar yaratmalıyıq”, – deyə o bildirib.
Baş katib əlavə edib ki, Orta Dəhliz Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün ən mühüm vasitələrdən birinə çevrilib.
“Bu, sadəcə nəqliyyat marşrutu deyil. Orta Dəhliz Türk regionundan keçən ticarət, sərmayə və digər iqtisadi imkanlar üçün yeni fürsətlər yaradır. Orta Dəhlizin uğuru yalnız fiziki infrastrukturdan asılı deyil. Limanlar, dəmir yolları, avtomobil yolları və logistika mərkəzləri səmərəli sərhəd prosedurları, tənzimlənən tariflər və etibarlı rəqəmsal xidmətlər kimi tamamlayıcı sistemlərlə dəstəklənməlidir”, – deyə baş katib vurğulayıb.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan konfransın əsas məqsədi TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, institusional mexanizmləri və birgə tədqiqat imkanlarını müzakirə etməkdir.
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müxtəlif dövlət qurumlarını, analitik mərkəzləri, elmi-tədqiqat və digər təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirlər.
Ayhan
10:30 16.09.2026
Oxunuş sayı: 52