MIT araşdırması süni intellektin tələbələrə təsiri ilə bağlı xəbərdarlıq edib
MIT tərəfindən yayımlanan yeni hesabatda təhsildə süni intellekt alətlərindən istifadənin tələbələrin öyrənmə prosesinə mənfi təsirləri ilə bağlı narahatedici nəticələr açıqlanıb.
Crossmedia.az xəbər verir ki, təxminən 5 ay davam edən araşdırmaya əsasən, tələbələr düşünmə və məntiq yürütmə proseslərini getdikcə daha çox süni intellektə həvalə etməyə başlayıblar. Hesabatda tələbə-müəllim ünsiyyətinin zəiflədiyi, tələbələrin çətinliklə qarşılaşdıqda ilk növbədə süni intellekt alətlərinə müraciət etdiyi və birgə dərs çalışma vərdişlərinin azalması nəticəsində sosial təcridin artdığı bildirilib.
Araşdırmada süni intellektdən istifadənin MIT-də uzun illər tətbiq olunan təhsil metodlarına meydan oxuduğu qeyd edilib. Onlayn imtahanlar, müəllimlərin qəbul saatları və tələbələrin iş qrupları kimi ənənəvi təhsil imkanlarının da bu texnologiyadan təsirləndiyi vurğulanıb.
Hesabatda həmçinin süni intellektdən istifadənin tələbələrin real akademik göstəricilərini qiymətləndirməyi çətinləşdirdiyi bildirilib və təhsildə bu alətlərdən daha düzgün və səmərəli istifadə yollarının araşdırılmasının vacibliyi qeyd olunub.
02:21 16.09.2026
Oxunuş sayı: 45