ABŞ və Almaniyadan NATO üçün yeni müdafiə addımı
ABŞ və Almaniya müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşma imzalayıb.
Crossmedia.az xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset və Almaniyanın müdafiə naziri Boris Pistorius Vaşinqtonda keçirilən görüşdə “NATO 3.0”, Avropada müdafiə xərclərinin artırılması və hər iki ölkənin müdafiə sənayesi imkanlarını müzakirə ediblər.
Görüş zamanı ABŞ və Almaniyanın silah tədarükü və müdafiə sənayesi üzrə satınalma sistemlərinin daha sıx əlaqələndirilməsini nəzərdə tutan sənəd imzalanıb. Razılaşmanın məqsədi müdafiə məhsullarının birgə hazırlanması, istehsalı, lisenziyalı istehsal və texniki xidmət imkanlarını genişləndirməkdir.
Pit Heqset bu razılaşmanın iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığını əhəmiyyətli dərəcədə intensivləşdirəcəyini və NATO müttəfiqlərinə silah tədarükünün sürətinin və həcminin artırılmasına imkan verəcəyini bildirib.
Boris Pistorius isə əməkdaşlığın hər iki ölkənin müdafiə sənayesinin imkanlarını genişləndirəcəyini qeyd edib. Tərəflər tədarük zəncirlərinin gücləndirilməsi, istehsal proseslərinin sürətləndirilməsi və texnologiya mübadiləsinin genişləndirilməsini də prioritetlər sırasında göstəriblər.
Razılaşma çərçivəsində Almaniyanın ABŞ istehsalı Tomahawk qanadlı raketlərini alması ilə bağlı planların da olduğu bildirilib. Bundan başqa, F-35 qırıcıları və Almaniyada Patriot sistemi üçün raketlərin istehsalı kimi layihələr üzrə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
10:02 16.09.2026
Oxunuş sayı: 45