Kreml: Yeni ABŞ təhlükəsizlik strategiyası Rusiyanın baxışı ilə üst-üstə düşür
Rusiya ABŞ prezidenti Donald Tramp administrasiyasının açıqladığı yeni Milli Təhlükəsizlik Strategiyasını alqışlayıb və sənədin “böyük ölçüdə Moskvanın vizionu ilə uyğun olduğunu” bildirib.
Crossmedia.az "BBC"-ə istinadən xəbər verir ki, 33 səhifəlik sənəddə Avropanın “sivilizasiyanı itirmək” təhlükəsi ilə üzləşdiyi qeyd olunur və Rusiyanın ABŞ üçün birbaşa təhdid kimi göstərilməməsi diqqət çəkib. Kremlin sözçüsü Dmitri Peskov bunun “müsbət addım” olduğunu vurğulayıb.
Sənəddə Aİ-nin Ukrayna müharibəsində ABŞ-nin səylərini əngəllədiyi iddia olunur və Vaşinqtonun Avropada “mövcud siyasi kursa qarşı müqaviməti” dəstəkləməli olduğu bildirilir. Eyni zamanda, ABŞ-nin “Qərb identikliyinin bərpası”, Avropada sağçı siyasi qüvvələrin güclənməsinə dəstək, kütləvi miqrasiyanın qarşısının alınması və xarici təsirlə mübarizə kimi prioritetləri vurğulanır. Bu yanaşma Aİ rəsmiləri tərəfindən ciddi narahatlıqla qarşılanıb və bəziləri strategiyanın ritorikasının Kremlin dilinə bənzədiyini qeyd edib.
Sənədin Rusiyaya qarşı daha yumşaq ton seçməsi Avropada Ukrayna müharibəsi üzrə danışıqlara təsir göstərə biləcəyi ilə bağlı suallar yaradıb. Almaniya, Polşa və digər Aİ ölkələrinin liderləri ABŞ ilə ittifaqın davamlı olduğunu desələr də, sənəddə yer alan bəzi ifadələrin Avropanın təhlükəsizliyi üçün risk yaratdığını vurğulayıblar. ABŞ Konqresinin Demokrat üzvləri isə yeni strategiyanın ölkənin beynəlxalq nüfuzuna zərər verə biləcəyini bildiriblər.
22:20 07.12.2025
Oxunuş sayı: 1518