İran ABŞ ilə danışıqlar apardığını təkzib edib
İran ABŞ ilə hazırda heç bir danışıqlar aparmadığını və Qətərdə görüş keçirilməsinin planlaşdırılmadığını bəyan edib.
Crossmedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi açıqlama verib.
O, ABŞ-nin danışıqların davam etdiyi və Qətərdə görüş keçiriləcəyi ilə bağlı iddialarını “tamamilə yalan” adlandırıb. Rzayinin sözlərinə görə, Vaşinqton bu məlumatları iqtisadi təzyiqi azaltmaq və neft qiymətlərini aşağı salmaq məqsədilə yayır.
Rzayi bildirib ki, Tehran ABŞ tərəfinə yeddi şərt təqdim edib və həmin şərtlər tam yerinə yetirilənədək Hörmüz boğazı bağlı qalacaq. O, ABŞ-nin ilkin cavabını qeyri-kafi və aldadıcı hesab etdiklərini, açıq və konkret cavab gözlədiklərini söyləyib.
İran rəsmisi ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşün planlaşdırıldığı barədə xəbərləri də əsassız adlandırıb. İranın xarici işlər naziri Abbas Əraqçi də daha əvvəl belə bir görüşlə bağlı məlumatları təkzib etmişdi.
ABŞ dövlət katibi Marko Rubio isə bazar ertəsi İranla diplomatik razılaşmanın mümkün olmaya biləcəyini bildirmiş, Tehranın tələblərini “qeyri-məqbul və gülünc” adlandırmışdı. O, Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq siyasətini davam etdirəcəyini də qeyd edib.
Qətər isə çərşənbə axşamı ABŞ və İrandan vasitəçilik səyləri ilə bağlı müsbət cavablar aldığını açıqlayıb.
07:30 11.11.2026
Oxunuş sayı: 69