Ərdoğan: Türkiyə Ukraynada sülh üçün bütün səyləri göstərməyə hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibənin diplomatik yollarla başa çatdırılması və Qara dənizdə təhlükəsizliyin təmin olunması istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə İstanbulda keçirilən görüşdə müharibənin son vəziyyətini, sülh təşəbbüslərini və Qara dənizdəki təhlükəsizlik məsələlərini müzakirə edib. Ərdoğan ədalətli sülhün heç bir tərəf üçün məğlubiyyət olmayacağını vurğulayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Zelenski ilə Dolmabağça Prezident Ofisində keçirilən ikitərəfli və nümayəndə heyətləri arasındakı görüşlərdən sonra təşkil olunan birgə mətbuat konfransında danışıb.
Türkiyə lideri ABŞ Prezidenti Donald Trampın səyləri ilə müharibənin diplomatik yollarla başa çatdırılmasına yönələn təşəbbüslərin yenidən sürətlənməsini müsbət qiymətləndirib. O, Türkiyənin Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etməsinin diplomatiya yolu ilə konkret nəticələr əldə etməyin mümkünlüyünü göstərdiyini qeyd edib.
Ərdoğan Qara dənizdə mülki gəmilərə qarşı hücumları da pisləyib və bütün tərəfləri məsuliyyətli davranmağa çağırıb. Onun sözlərinə görə, Türkiyə bölgədə gəmiçilik təhlükəsizliyinin bərpası üçün tərəflərlə danışıqları davam etdirəcək.
Prezident həmçinin Türkiyənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyini bir daha təsdiqləyib. O, 2022-ci ildə imzalanan Türkiyə-Ukrayna Azad Ticarət Sazişinin oktyabrın 1-dən qüvvəyə minməsinin iki ölkə arasında 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq baxımından əhəmiyyətini vurğulayıb.
23:54 31.10.2026
Oxunuş sayı: 65