Qızıl alanlara şad xəbər - rekord ucuzlaşma
Son dövrlər dünya bazarlarında qiymətli metalların ucuzlaşması diqqət çəkir. Xüsusilə qızıl və gümüşün dəyərində müşahidə olunan kəskin eniş investorlar və bazar iştirakçıları arasında ciddi suallar yaradıb. Belə ki, “Comex” birjasında 2026-cı ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 2025-ci ilin noyabrından bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 3 950 dollar psixoloji həddindən aşağı düşüb. Qızılın qiyməti qısamüddətli əməliyyatlarda 2,06 faiz ucuzlaşaraq 3 948,3 dollara enib. Bəs qiymətli metalların dəyərdən düşməsinə hansı iqtisadi və geosiyasi amillər təsir göstərir? Bu, müvəqqəti bazar dalğalanmasıdır, yoxsa qızıl və gümüşün ucuzlaşması uzun müddət davam edəcək? Qarşıdakı dövrdə qiymətli metallar bazarını hansı tendensiyalar gözləyir? Bu suallara aydınlıq gətiririk.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlama verib:
"Qızılın qiymətindəki ucuzlaşma əsasən neftin bahalaşması fonunda ABŞ Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi – FED) faiz dərəcələrini daha da artıracağı ilə bağlı gözləntilərin güclənməsi ilə əlaqədardır. Ümumiyyətlə, faiz dərəcələri yüksəldikdə və dollar möhkəmləndikdə qızılın qiymətində enmə müşahidə olunur. Bunun iki əsas səbəbi var. Birincisi, qızıl faiz gəliri gətirməyən aktivdir. Faiz dərəcələri artdıqda investorlar qızılı sataraq daha yüksək gəlir əldə edə biləcəkləri faizli maliyyə alətlərinə üstünlük verirlər. İkincisi, qızılın beynəlxalq bazarlarda qiyməti dollarla ifadə olunur. Dolların möhkəmlənməsi digər valyutalarla alış edən investorlar üçün qızılı bahalaşdırır və nəticədə ona tələbat azala bilər".

İqtisadçı qeyd edib ki, bütün bunlar ABŞ Mərkəzi Bankının faiz siyasəti ilə birbaşa bağlıdır: "FED-in hansı qərarı verəcəyi isə, əsasən, qlobal inflyasiya proseslərindən, xüsusilə də ABŞ-də inflyasiyanın dinamikasından asılıdır. Qızılın qiyməti ilə bağlı proqnoz vermək isə asan deyil. Neft qiymətlərinin aşağı düşməsi müəyyən şərtlər daxilində qızılın bahalaşmasına şərait yarada bilər. Lakin neftin qiymətinin enib-enməməsi, eləcə də ABŞ-ın beynəlxalq münasibətləri və iqtisadi siyasəti də bu prosesə təsir göstərən amillərdəndir".
Ayhan
20:00 31.10.2026
Oxunuş sayı: 106