Paris küçələrində gərginlik: Polis etirazçılara gözyaşardıcı qazla müdaxilə etdi
Fransanın paytaxtı Parisdə alıcılıq qabiliyyətinin azalmasına və yanacaq qiymətlərinin artmasına qarşı keçirilən etiraz aksiyası zamanı polis gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nümayişin başa çatdığı vaxt, etirazçıların Parisin şərqində yerləşən Porte de Charenton ərazisinə yaxınlaşdığı zaman baş verib.
Radikal nümayişçilər polisə daş və şüşə butulkalar atıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.
Fransada etirazlar sentyabrın sonlarında məktəblilərin təhsil sistemindəki problemlərə qarşı aksiyaları ilə başlayıb və tədricən ölkənin digər bölgələrinə yayılıb. Sonradan aksiyaların əsas səbəbləri sırasına yanacağın bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması da əlavə olunub.
Oktyabrın 18-də Fransa Prezidenti Emmanuel Makron hökumətdən yeni etirazların qarşısını almaq üçün tədbirlər görməyi tələb edib. O, iğtişaşlara görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağını və zərər çəkən müəssisələrə dəstək göstəriləcəyini bildirib.
21:09 31.10.2026
Oxunuş sayı: 60