Romeo və Cülyetta- Nifrətin kölgəsində məhv olan böyük sevgi
Ədəbiyyat tarixində elə sevgi hekayələri var ki, onların sonu xoşbəxtliklə deyil, göz yaşları və geri dönüşü olmayan itkilərlə yadda qalır. İki insanın bir-birinə olan sevgisi bəzən ailə münaqişələrinin, cəmiyyətin təzyiqinin və düşmənçiliyin qurbanına çevrilir. Belə talelərdən biri də dünya ədəbiyyatının ən məşhur faciələrindən sayılan Uilyam Şekspirin «Romeo və Cülyetta» əsərində təsvir olunur. Bir-birini sevən iki gəncin həyatına başa gələn bu hekayə əsrlərdir oxucuların yaddaşında yaşayır. Əsər yalnız məhəbbətdən deyil, həm də nifrətin, ailə münaqişələrinin və gecikmiş peşmanlığın insan həyatında yaratdığı ağır nəticələrdən bəhs edir.
XVI əsrdə qələmə alınan əsərin hadisələri İtaliyanın Verona şəhərində cərəyan edir. Şəhərin iki nüfuzlu ailəsi – Montekkilər və Kapulettilər uzun illərdir düşmənçilik içərisində yaşayırlar. Onların arasındakı münaqişə o qədər dərinləşib ki, bu qarşıdurma ailə üzvlərinin həyatına da təsir göstərir. Məhz belə bir şəraitdə Montekkilər ailəsinin oğlu Romeo ilə Kapulettilər ailəsinin qızı Cülyetta bir-birinə aşiq olur. Ailələrinin düşmən olduğunu bilsələr də, hisslərindən imtina edə bilmirlər.
Gənclər münasibətlərini gizli saxlamağa məcbur qalırlar. Onların sevgisi ailələrin illərdir davam edən düşmənçiliyinə qarşı bir üsyana çevrilir. Romeo və Cülyetta gizli şəkildə evlənərək birlikdə gələcək qurmağa ümid edirlər. Lakin ailələr arasındakı qarşıdurma onların xoşbəxtliyinə mane olur. Romeonun dostu Merkutsionun öldürülməsi, onun qisas almaq üçün Tibbaltı öldürməsi və nəticədə sürgün edilməsi hadisələrin faciəvi istiqamətdə inkişafına səbəb olur.
Romeonun şəhərdən uzaqlaşdırılmasından sonra Cülyetta daha ağır sınaqla üzləşir. Ailəsi onu Paris adlı gənclə evləndirmək istəyir. Sevdiyi insandan ayrılmaq və istəmədiyi evliliyə məcbur edilmək təhlükəsi ilə qarşılaşan Cülyetta çıxış yolu axtarır. Rahib Lorensonun təklif etdiyi plana əsasən, o, müvəqqəti olaraq ölümə bənzər vəziyyətə düşür. Məqsəd Romeonun onu ölmüş hesab etməsi və sonradan birlikdə qaçmalarıdır. Lakin planın ən vacib hissəsi olan məktub Romeoya çatmır.
Cülyettanın öldüyünü düşünən Romeo onun məzarı başına gəlir və zəhər içərək həyatına son qoyur. Bir müddət sonra ayılan Cülyetta isə sevdiyi insanın cansız bədəni ilə qarşılaşır. Romeosuz yaşamaq istəməyən gənc qız onun xəncəri ilə özünü öldürür. Beləliklə, bir-birinə qovuşmaq üçün mübarizə aparan iki gəncin həyatı faciə ilə başa çatır.
Hadisələrin ən ağrılı tərəfi isə Romeo və Cülyettanın ölümündən sonra ailələrin barışmasıdır. İllərlə davam edən düşmənçilik iki gəncin həyatına son qoyduqdan sonra başa çatır. Montekkilər və Kapulettilər övladlarının ölümündən sonra öz səhvlərini anlayırlar. Lakin artıq gecdir. Onların barışığı itirilmiş həyatları geri qaytara bilmir.
Şekspir bu əsərdə insan münasibətlərinin mürəkkəbliyini, ailə təzyiqini, qüruru və nifrətin dağıdıcı gücünü ustalıqla təsvir edir. Romeo və Cülyettanın faciəsi yalnız sevgilərinin qarşısına çıxan maneələrlə bağlı deyil. Burada böyüklərin illərlə davam etdirdiyi münaqişələrin gənc nəslin taleyini necə dəyişdirdiyi də ön plana çıxır. Əsər göstərir ki, bəzən insanların öz aralarındakı düşmənçilik başqalarının həyatına da ağır zərbə vurur.
«Romeo və Cülyetta»nın bu gün də aktuallığını qorumasının səbəbi qaldırılan problemlərin zamanla dəyişməməsidir. Ailə münaqişələri, valideynlərin övladlarının seçimlərinə müdaxiləsi, sevgiyə qoyulan qadağalar və münasibətlərdəki anlaşılmazlıqlar müasir cəmiyyətdə də müşahidə olunur. Bu baxımdan əsər yalnız keçmiş dövrün sevgi hekayəsi deyil, insanlara münasibətlərdə anlayışın, qarşılıqlı hörmətin və barışığın əhəmiyyətini xatırladan ədəbi nümunədir.
Şekspirin yaratdığı bu faciə göstərir ki, bəzən insanlar sahib olduqları dəyərləri yalnız onları itirdikdən sonra anlayırlar. Montekkilər və Kapulettilər də düşmənçiliyin mənasızlığını övladlarının ölümündən sonra dərk edirlər. Onların gecikmiş barışığı isə əsərin ən ağrılı məqamına çevrilir. Çünki artıq nə sevgi, nə peşmanlıq, nə də barışıq iki gəncin həyatını geri qaytara bilər.
Romeo və Cülyettanın hekayəsi əsrlərdir dəyişməyən bir həqiqəti xatırladır: nifrət insanları bir-birindən uzaqlaşdırır, qürur münasibətləri dağıdır, gecikmiş peşmanlıq isə itirilən həyatı geri qaytarmır. İki gəncin faciəsi ilə yadda qalan bu əsər sevginin deyil, onu məhv edən düşmənçiliyin nə qədər dağıdıcı ola biləcəyini göstərən ölməz ədəbi nümunədir.
Nuray Oqtayqızı
19:00 31.10.2026
Oxunuş sayı: 58