Rusiya dizel ixracına qadağanı 2027-ci ilədək uzada bilər
Rusiya daxili bazarda yanacaq təchizatının sabitliyini qorumaq məqsədilə dizel yanacağının ixracına tətbiq edilən məhdudiyyətləri 2027-ci ilin yanvar ayının sonunadək uzatmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, hökumət müvafiq qərarı hazırlayır. Bununla belə, müəyyən ixracatçılar üçün istisnaların saxlanılması nəzərdə tutulur.
Novakın sözlərinə görə, noyabr ayında Rusiyanın dizel yanacağı ixracının 2,15 milyon tona çatacağı gözlənilir. Oktyabrda isə bu göstərici 510 min ton təşkil edib.
O qeyd edib ki, Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına zərbələri yanacaq istehsalına və ixrac planlarına təsir göstərə bilər.
Qeyd edək ki, Rusiya hökuməti daxili yanacaq bazarında təchizatın sabitliyini təmin etmək üçün ixrac məhdudiyyətlərini tətbiq edir.
16:41 31.10.2026
Oxunuş sayı: 55