Rusiya Ukraynanı atəşkəsi pozmaqda ittiham edib
Rusiya Ukraynanı Xerson vilayətinin Oleşki şəhərində atəşkəs rejimini pozmaqda ittiham edib. İddiaya görə, pilotsuz uçuş aparatının mülki avtomobilə hücumu nəticəsində iki nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bu barədə açıqlama verib.
Miroşnikin sözlərinə görə, Ukraynaya məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatı Oleşki şəhərindən çıxan mülki avtomobilə zərbə endirib.
Bildirilib ki, avtomobildə olan sakinlər ərzaq almaq üçün Radensk yaşayış məntəqəsinə gedirmişlər. Hücum nəticəsində iki mülki şəxsin yaralandığı iddia olunur.
Rusiya diplomatının sözlərinə görə, hadisə tərəflər arasında razılaşdırılmış müvəqqəti atəşkəs dövründə baş verib.
Qeyd edək ki, atəşkəs rejiminin noyabrın 1-i günün sonunadək davam etməsi nəzərdə tutulur. Bundan əvvəl tərəflərdən heç biri onun pozulduğu barədə məlumat yaymamışdı.
Ukrayna tərəfi isə Rusiyanın ittihamlarına hələlik münasibət bildirməyib. Hadisənin təfərrüatları müstəqil şəkildə təsdiqlənməyib.
15:29 31.10.2026
Oxunuş sayı: 51