İranla bağlı ABŞ və İsrail arasında fikir ayrılığı yaranıb
Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ABŞ Prezidenti Donald Trampı İranla diplomatik danışıqlara daha çox vaxt ayırmağa çağırıb. İsrailin Baş naziri Benyamin Netanyahu isə İrana qarşı birgə hərbi əməliyyatın tezliklə keçirilməsini istəyir.
Crossmedia.az xəbər verir ki, "Axios" nəşri bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərləri son günlər Trampla əlaqə saxlayaraq Tehranla danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Netanyahu isə ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra İrana qarşı ABŞ-İsrail birgə hərbi əməliyyatının başlanmasına çalışır.
Məlumata əsasən, Vaşinqton administrasiyasında da İranla bağlı növbəti addımlar barədə fikir ayrılıqları mövcuddur. Bəzi rəsmilər hərbi variantı dəstəkləyir, digərləri isə diplomatik imkanlardan istifadənin davam etdirilməsini istəyirlər.
Bu arada Qətər vasitəçiləri ABŞ və İran arasında birbaşa danışıqların bərpasına nail olmaq üçün Tehranda intensiv müzakirələr aparıblar. Məqsəd regionda yeni hərbi qarşıdurmanın qarşısını almaqdır.
Hələlik İrana qarşı yeni hərbi əməliyyatın başlanması barədə yekun qərar açıqlanmayıb.
12:06 31.10.2026
Oxunuş sayı: 52