Rusiyanın neft sənayesi yenidən PUA hücumlarına məruz qalıb
Ukrayna təxminən iki həftəlik fasilədən sonra Rusiyanın neft emalı müəssisələrinə pilotsuz uçuş aparatları ilə hücumları bərpa edib.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” və “Astra” nəşrləri bu barədə məlumat yayıb.
Məlumata görə, Kiyev ABŞ-nin təzyiqləri fonunda oktyabrın ortalarında Rusiya neft emalı zavodlarına zərbələri müvəqqəti dayandırmışdı. Lakin oktyabrın 30-dan etibarən yeni hücumlar qeydə alınıb.
Son günlər Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavodu və Başqırdıstan Respublikasının Ufa şəhərindəki “Başneft-Novoyl” müəssisəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
“Astra”nın məlumatına görə, Ufadakı neft emalı zavodunda yanğın baş verib. Müəssisənin neft emalı üçün mühüm əhəmiyyət daşıyan qurğularından birinin zədələnmiş ola biləcəyi bildirilir.
“The Wall Street Journal” yazır ki, ABŞ administrasiyası Ukraynadan Rusiya enerji obyektlərinə hücumları dayandırmağı tələb edib. Tərəflər arasında “Starlink” rabitə sistemindən istifadə və “Patriot” raketlərinin tədarükü ilə bağlı da fikir ayrılıqları yaranıb.
Bununla belə, Ukraynanın hücumları məhz ABŞ-nin bu məsələlərlə bağlı mövqeyinə cavab olaraq bərpa etdiyinə dair rəsmi təsdiq yoxdur.
Bəzi monitorinq mənbələrində Rusiyanın digər iri neft emalı müəssisələrinə də mümkün hücumlardan bəhs edilsə də, Kiyevin konkret yeni hədəfləri barədə təsdiqlənmiş məlumat açıqlanmayıb.
16:48 31.10.2026
Oxunuş sayı: 52