Xəzər sahilində qanunsuz ov əməliyyatı: 44 gəmi saxlanıldı
Qazaxıstanın Xəzər dənizi sahillərində keçirilən əməliyyat zamanı 126 qanun pozucusu saxlanılıb, 44 kiçik ölçülü gəmi müsadirə edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Bildirilib ki, oktyabr ayı ərzində digər dövlət qurumları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 11,5 kiloqram narkotik vasitə və qanunsuz balıq ovu üçün istifadə edilən ümumilikdə 88 kilometr uzunluğunda ov alətləri aşkarlanıb.
Əməliyyat zamanı balıq torlarına düşən 2337 nərə və digər növ balıq xilas edilərək təbii yaşayış mühitinə qaytarılıb.
Qanun pozuntularına görə 4,5 milyon tengedən çox inzibati cərimə tətbiq edilib. Komitənin məlumatına əsasən, görülən tədbirlər nəticəsində dövlətə 840 milyon tengedən artıq zərərin dəyməsinin qarşısı alınıb.
Sərhəd Xidməti vətəndaşlara dənizdə müəyyən edilmiş qaydalara əməl etməyin vacibliyini xatırladıb.
20:12 31.10.2026
Oxunuş sayı: 58