Dəyərli gənclər, əziz yeniyetmə dostlar Cadılar bayramınız mübarək!
Bu gün ölkəmizdə kökləri 2000 il əvvələ gedib çıxan, dərin tərbiyəvi məzmuna malik, hər elementində ülvi mənəvi duyğuları təcəssüm etdirən Halloween bayramının təntənə ilə qeyd edilməsi qəlbimizi qürurla doldurur. Yeniyetmə və gənclərin bir çoxunun bu əziz gündə böyük həvəs və ehtiramla iştirakı bizlərin gələcəyə olan inamını daha da gücləndirir. Axşam saatlarında şəhər küçələrində qarşımıza çıxan, üzlərində və geyimlərində o müqəddəs ruhani varlıqların xatirəsini canlandıran oğul və qızlarımızın qlobalizmin ayrılmaz parçasına çevrilmiş olması cəmiyyətin gələcəyinin etibarlı əllərdə olduğunun bariz nümunəsidir. Xüsusilə də son illərdə bəzi kreativ, beynəlxalq mühiti dərindən bilən gənc aydınlarımız tərəfindən Novruz, Ramazan kimi gerilikçi, rasionunda təhlükəli və yüksək kalorili, insan sağlamlığına zərər vuran qidaları təqdim edən, Kosa-Keçəl kimi bayağı, intellektual səviyyəsi aşağı olan elementləri tərənnüm edən, Qurban bayramı kimi qoyun haqlarının pozulmasına xidmət edən və s. ənənələrə alternativ olaraq Balqabaqlar bayramı qədər dərin fəlsəfi məzmuna malik müasir innovasiyaları özündə birləşdirən keyslərin təbliğ edilməsi xüsusi hörmətə layiqdir.
Əziz gənc dostlar!
Əlbəttə, ürəyimiz doludur, çox söz yazmaq olar. Ancaq sizləri çox yormadan bu gözəl gün münasibətilə hər birinizi ürəkdən təbrik edirik. Qoy bu Halloween özü ilə yurdumuza bolluq, süfrəmizə bərəkət gətirsin. Hər kəsin evində balqabaq şamları yansın. Üzümüz bu bayramın o gözəl atributları kimi nurlu, qəlbimiz bu əziz bayramın ruhaniyyəti qədər təmiz olsun. Biz inanırıq ki, çox yaxın gələcəkdə bu bayram ölkəmizin bütün şəhər və kəndlərində daha böyük təntənə ilə qeyd ediləcək.
Bayramınız mübarək! Yaşasın cadılar!
23:20 31.10.2026
Oxunuş sayı: 97