III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub.
Bu barədə Crossmedia.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafona 6 ölkədən 97 atlet qatılıb.
Üçüncü mərhələdə atletlər Bərdə şəhərindən start götürərək Ağdama qədər 46,8 km məsafəni qət ediblər.
Bu dəfə də qaliblər dəyişməyib. Kişilər arasında üçüncü mərhələnin qalibi David Xarazişvili (Gürcüstan) olub. Andrey Yeqorov (Litva) ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü yeri tutub.
Qadınlar arasında birinci yeri Olena Şevçenko (Ukrayna), ikinci yeri Leyla Abdinova (Rusiya), üçüncü yeri isə Natalya Vallek (Azərbaycan) tutub.
Xatırladaq ki, ilk iki mərhələnin qalibləri kişilər arasında David Xarazişvili (Gürcüstan), qadınlar arasında isə Olena Şevçenko (Ukrayna) olublar.
İştirakçılar ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar.
Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.
13:45 10.10.2026
Oxunuş sayı: 62