Ukraynanın Donetskə zərbəsi nəticəsində 20 rusiyalı zabit ölüb
Donetskə endirilən raket zərbəsi nəticəsində Rusiya ordusunun 20 zabiti həlak olub.
Crossmedia.az xəbər verir ki, “Mediazona” nəşri öz araşdırmasına əsasən, avqustun 26-da Ukraynanın Donetskə raket zərbəsi nəticəsində Rusiya ordusunun 20 zabitinin öldüyünü yazıb.
Nəşrin məlumatına görə, bu, müharibə başlayandan bəri Rusiya ordusunun zabitləri arasında eyni vaxtda qeydə alınan ən çoxsaylı ölüm hadisəsidir. Həlak olan zabitlər Mərkəzi Hərbi Dairənin qərargahında və 41-ci Ümumqoşun Ordusunun qərargahında xidmət ediblər.
“Mediazona” zabitlərin ölümünü şəxsi heyətin siyahılarını vərəsəlik işləri reyestri ilə tutuşdurmaqla, həmçinin son bir ay ərzində yüksək rütbəli zabitlərlə bağlı yayımlanan nekroloqları araşdırmaqla təsdiqlədiyini bildirib.
Qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin avqustun 26-da Ukrayna hərbçilərinin “Storm Shadow” raketləri ilə “Donetsk-Siti” ticarət mərkəzinin ərazisinə zərbə endirdiyini açıqlamışdı. O, səkkiz mülki şəxsin yaralandığını bildirsə də, hərbçilərin xəsarət alması və ya həlak olması barədə məlumat verməmişdi.
20:20 09.10.2026
Oxunuş sayı: 57