Hamiləliyini elan etdi, işdən uzaqlaşdırıldı – Şirkət ağır təzminat ödəyəcək
Sinqapur sakini hamiləlik məzuniyyətinə çıxacağını açıqladıqdan sonra işdən ayrılmağa məcbur edildiyini bildirərək məhkəməyə müraciət edib.
Crossmedia.az xəbər verir ki, “Mothership” bu barədə məlumat yayıb.
Adı açıqlanmayan qadın 2021-ci ildə şirkətdə işləməyə başlayıb. İki il sonra onun aylıq əməkhaqqı 3,3 min Sinqapur dolları, yəni təxminən 4,4 min manat təşkil edib və iş fəaliyyəti müsbət qiymətləndirilib.
Lakin qadın 2023-cü ilin oktyabrında analıq məzuniyyətinə çıxacağını bildirdikdən sonra rəhbərliyin ona münasibəti dəyişib. Hamiləliyin son aylarında yaranan ağırlaşmalar səbəbindən qadın sentyabrın ortalarında xəstəxanaya yerləşdirilib.
Bundan sonra rəhbəri onunla əlaqə saxlayaraq telefonla danışmaq istəyib. Qadın razılaşdıqdan sonra ona rəhbərliyin “komandanın yeni baxışına artıq uyğun gəlmədiyi” bildirilib. Həmçinin analıq məzuniyyətindən qayıtdıqdan sonra işdən çıxarılacağı və yenidən şirkətdə çalışmaq istəsə, müsahibədən keçməli olacağı deyilib.
Qadın bundan əvvəl iclas zamanı yaxşı fəaliyyətinə görə xüsusi olaraq təqdir edilib.
O, 2023-cü ilin dekabrında öz ərizəsi ilə işdən ayrılıb, daha sonra isə məhkəməyə müraciət edib. Məhkəmə qadının faktiki olaraq işdən çıxmağa məcbur edildiyi qənaətinə gəlib və ona 19,8 min Sinqapur dolları, yəni təxminən 26,4 min manat kompensasiya ödənilməsinə qərar verib.
14:34 23.09.2026
Oxunuş sayı: 43