Yaponiyada telefonunu 5-ci dəfə itirən qadın onu yenə tapıb
Yaponiyada yaşayan hindistanlı Praqati “iPhone 16 Pro” telefonunu itirdikdən bir neçə saat sonra onu qoyduğu yerdə tapıb.
Crossmedia.az xəbər verir ki, “NDTV” bu barədə məlumat yayıb.
Praqati sosial şəbəkədə paylaşdığı videoda telefonunu ictimai yerlərdə tez-tez unutduğunu və bununla bağlı əvvəllər də oxşar hadisələr yaşadığını bildirib. Bu dəfə o, telefonunun itdiyini bir neçə saat sonra, gecə yarısına yaxın başa düşüb.
“Apple Find My” funksiyasından istifadə edən qadın telefonunun təxminən 600 metr məsafədə olduğunu müəyyənləşdirib. Məkana yaxınlaşdıqca məsafə 100 metrə qədər azalıb və Praqati telefonun yerindən tərpədilmədiyini görüb.
Onun sözlərinə görə, əvvəlki hallarda telefonunu polis bölməsində, tərəvəz bazarında və geyim mağazalarının soyunub-geyinmə otaqlarında tapıb. Bu dəfə də telefonun saatlarla nəzarətsiz qalmasına baxmayaraq olduğu yerdə qaldığı məlum olub.
Praqati bunun “iPhone”unu beşinci dəfə itirməsi olduğunu bildirib. O, belə halların Yaponiyada mümkün olmasına təəccübləndiyini qeyd edib.
18:00 20.09.2026
Oxunuş sayı: 56