Dinin süni intellektə böyük ehtiyacı var - İlahiyyatçı
Süni intellekt artıq yalnız texnologiya və elm sahəsində deyil, gündəlik həyatın, təhsilin, səhiyyənin, hüququn və digər istiqamətlərin də ayrılmaz hissəsinə çevrilir. İnsanlar böyük həcmli məlumatların axtarılması, müqayisə edilməsi və təhlili üçün süni intellektdən getdikcə daha çox istifadə edirlər. Bu proses dini bilik və mənbələrə çıxış imkanlarına da təsirsiz ötüşmür. Quran ayələri, hədislər, təfsirlər, fiqh kitabları və digər dini mənbələrin rəqəmsal mühitdə əlçatan olması süni intellektin bu sahədə də tətbiqini mümkün edir. Xüsusilə çoxsaylı və ağırhəcmli mənbələr arasında məlumat axtarışı aparmaq baxımından bu texnologiya din xadimləri və tədqiqatçılar üçün yeni imkanlar yarada bilər. Lakin dini məsələlərdə məlumatı tapmaqla həmin məlumat əsasında hökm çıxarmaq arasında mühüm fərq var. Çünki fətva yalnız mətnlərdəki məlumatların bir araya gətirilməsi deyil, konkret insanın, cəmiyyətin, zamanın və şəraitin nəzərə alınmasını tələb edən mürəkkəb prosesdir. Maraqlıdır süni intellekt dinə necə təsir edə, bu sahədə necə istifadə edilə bilər? Məhz bu məqam süni intellektlə şəriət arasındakı münasibətdə əsas müzakirə mövzularından birinə çevrilir.
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellekt dini mənbələrin araşdırılması və məlumatların əldə olunması baxımından mühüm vasitə ola bilər, lakin fətva verən tərəf kimi qəbul edilə bilməz:
“Qeyd edək ki, müasir texnologiya və süni intellekt insanlıq ailəsinin demək olar ki, bütün otaqlarına işıq saçır, həyatımızın dörd bir tərəfinə yön verir, istiqamət göstərir. Zərrədən hüceyrəyə, hüceyrədən göy qübbəsinə qədər olan bütün məsələlərdə süni intellekt öz rolunu oynayır, ağırlığını göstərir. Şəriət məsələlərinə gəlincə, süni intellektdən necə yararlana, necə istifadə edə bilərik? Əgər həyatımızın dörd bir tərəfinə süni intellekt bu qədər daxil olubsa, əlbəttə ki, bizim dini mətnlərimizə, təfsir kitablarımıza, xüsusən də ağır-sanballı mənbələrimizə süni intellektin tətbiq olunmasına böyük ehtiyac var. Çünki onların zamanında araşdırılmasına və tədqiqatına ehtiyac duyulur. Bu məlumatlar süni intellektə ötürülməlidir; o da orada ciddi araşdırmalar aparmalı və oradan çıxardığı nəticələri təqdim etməlidir. Bu nəticələr çox önəmlidir. Bəlkə də insanlığın on illərlə əziyyət çəkib araşdırdığı məlumatı süni intellekt çox qısa zaman ərzində təqdim edir. Bu baxımdan süni intellekt dövrümüzün bir rəhmət mənbəyidir, qaynağıdır; bunu xüsusilə vurğulamaq lazımdır. Tarixin dərinliklərindən günümüzə qədər daim belə olub: insanlar yeni texnologiyalarla qarşılaşdıqları zaman bəziləri onları təqdir edib, bəziləri təkzib edib. Təkzib edənlər də müəyyən müddətdən sonra onları təqdir etmək məcburiyyətində qalıblar. Ona görə də dünyanın bu mədəni, intellektual səviyyəsi insan zehni və beyni ilə, Allahın iznilə baş verən hadisələrdir. Sadəcə burada duruş necə olmalıdır? Birincisi: Şəriətdə belə bir prinsip var: “Əşyada əsl olan mübahlıqdır” (yəni icazəli olmasıdır). Bu o deməkdir ki, əgər insan bir şeydən onun xeyrinə və yararına yönələcək şəkildə istifadə edə bilirsə, ondan niyə də istifadə olunmasın? Süni intellekt bir alətdir, insan deyil. Ona görə də süni intellektin şəriət məsələləri ilə bağlı verdiyi fətvalara diqqət etmək lazımdır. Süni intellekt fətva verə bilməz, yalnız məlumat verə bilər. Burada bu sərhədləri və incəlikləri qorumaq lazımdır. İkincisi: Fətva vermək üçün yalnız zəngin bilik kifayət etmir. Süni intellektin zəngin biliyi, operativliyi, çevikliyi və dəqiqliyi var. Lakin fətva vermək sadəcə məlumat toplusu deyildir. İslamda şəriət fətvaları cəmiyyət, toplum, dövr, müasirlik və zaman kimi bir çox ölçüləri nəzərə alaraq, Quran və Peyğəmbərimizin (əleyhis-salatu vəssalam) sünnəsi prinsipini rəhbər tutaraq verilir.

İlahiyyatçı qeyd edib ki, bu baxımdan, din xadimləri süni intellektin verdiyi fətvaya yox, onun təqdim etdiyi məlumata nəzər salıb, onu dəqiqləşdirərək istifadə edə bilərlər: "Bu baxımdan dövrümüzdə burada hər hansı bir problem görmürük. Süni intellekt günümüzün bir tələbidir və bu tələbdən qaçmaq olmaz. Sadəcə ondan doğru istifadə etmək bir zərurətdir”.
Zeynəb Həsən
18:30 14.09.2026
Oxunuş sayı: 53