Argentina və Böyük Britaniya arasında müharibə olacaq?
Folklend adaları ilə bağlı Böyük Britaniya və Argentina arasında onilliklərdir davam edən suverenlik mübahisəsi yenidən siyasi gündəmə gəlib. 1982-ci ildə tərəflər arasında müharibəyə səbəb olan adalar bu gün də London və Buenos-Ayres arasında həll olunmamış əsas məsələlərdən biri olaraq qalır. Son dövrdə Argentina Prezidenti Xavyer Mileylə bağlı Folklend adaları məsələsində səsləndirilən bəyanatların iki ölkə arasındakı diplomatik münasibətlərə yenidən təsir göstərəcəyi gözlənilir.
Məsələnin aktuallığını artıran əsas amillərdən biri də adalar ətrafındakı enerji resurslarıdır. Bölgədə həyata keçirilən neft layihələri, xüsusilə də “Sea Lion” layihəsi Folklend məsələsinin yalnız siyasi və tarixi mübahisə deyil, həm də ciddi iqtisadi maraqların toqquşduğu geosiyasi problem olduğunu göstərir. Ekspertlər hesab edirlər ki, qarşıdakı dövrdə London və Buenos-Ayres arasında diplomatik və siyasi gərginlik arta bilər, lakin məsələnin yenidən silahlı qarşıdurmaya çevrilməsi real görünmür.

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, Mileyin Folklend adaları ilə bağlı verdiyi bəyanat Böyük Britaniya ilə münasibətlərdə diplomatik, iqtisadi və siyasi gərginlik yaradacaq:
“Mileyin verdiyi bəyanat diplomatik, iqtisadi və siyasi baxımdan Böyük Britaniya ilə münasibətlərdə gərginlik yaradacaq. Bu, təbii bir vəziyyətdir. Çünki bu məsələ artıq bir neçə dəfə müzakirə olunub. Folklend adaları ilə bağlı Böyük Britaniya və Argentina arasında uzun müddətdir anlaşılmazlıqlar davam edir.
Təbii ki, Britaniya tərəfi də bəyan edib ki, bu məsələ ilə bağlı heç bir müzakirə aparıla bilməz. Lakin bildiyiniz kimi, orada neft layihələri var və həmin layihələrin işlənməsi Böyük Britaniyaya məxsusdur. Argentinanın bu məsələni yenidən gündəmə gətirməsi də məhz bununla bağlıdır.
1982-ci ildə adalar uğrunda müharibə baş vermişdi. Lakin bu gün həmin müharibənin yenidən alovlanması real görünmür. Buna baxmayaraq, gərginliyin yaşanması hər zaman mümkündür. Çünki hazırda Folklend adalarında “Sea Lion” neft layihəsi işlənilir. Bu layihədən əldə olunan gəlirlər Böyük Britaniyanın büdcəsinə, daha doğrusu, orada fəaliyyət göstərən Britaniya şirkətlərinə daxil olur. Bu da, təbii ki, Argentinada məsələnin yenidən gündəmə gəlməsinə və daxili siyasi gərginliyin artmasına səbəb olur.
Digər tərəfdən, Mileyin seçkiöncəsi çıxışlarını da qeyd etmək lazımdır. Bu çıxışlar daxili auditoriyaya hesablanıb və müəyyən mənada seçki təbliğatı xarakteri daşıyır.
Bununla yanaşı, burada ABŞ-nin də rolu var. ABŞ bu məsələ ilə bağlı öz mövqeyini bir neçə dəfə bildirib. ABŞ tərəfi Argentinanın bu adalarla bağlı ABŞ ilə birgə işləməsini və Britaniyanın həmin resurslardan təkbaşına istifadə etməməsini vurğulayaraq, müəyyən mənada Argentinaya dəstək nümayiş etdirib.
Yenə də qeyd etmək lazımdır ki, bu vəziyyət Böyük Britaniya və Argentina arasında diplomatik gərginliyə gətirib çıxaracaq. Lakin bunun hər hansı silahlı münaqişəyə çevrilməsi ehtimal olunmur.
İqtisadi və siyasi baxımdan gərginlik, təbii ki, davam edəcək. Çünki Argentina orada fəaliyyət göstərən şirkətlərə müəyyən məhdudiyyətlər tətbiq edib və sərəncamlar verib. Həmin şirkətlər arasında dominant mövqedə Britaniya neft istehsalçıları olduğu üçün bu amil Argentinadakı gərginliyi yenidən artıracaq”.
Zeynəb Həsən
20:00 05.09.2026
Oxunuş sayı: 46