22 milyon dollarlıq sıçrayış: Levanta sosial ticarətdə böyük hədəf qoydu
Sosial ticarət platforması Levanta yeni maliyyələşdirmə raundunda 22 milyon dollar investisiya cəlb edib.
Crossmedia.az “Levanta” şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, Series B maliyyələşdirmə raunduna Volition Capital rəhbərlik edib.
Yeni investisiya ilə Levantanın ümumi maliyyələşdirməsi 43 milyon dollardan çox olub. Levanta pərakəndə satıcıları məzmun yaradıcıları və influencerlərlə əlaqələndirən platforma kimi fəaliyyət göstərir. Şirkət brendlərə məhsullarını yaradıcılar vasitəsilə tanıtmağa, satışları izləməyə və tərəfdaşlara komissiya ödəməyə imkan verir.
Platformanın 90 mindən çox yoxlanılmış məzmun yaradıcısından ibarət şəbəkəsi var. Levanta hazırda Amazon, Walmart və Shopify kimi platformalarda fəaliyyət göstərir.
Şirkət yeni vəsait hesabına fəaliyyətini digər pərakəndə platformalarına genişləndirməyi, beynəlxalq bazarlara çıxmağı və texnologiyasına investisiyaları artırmağı planlaşdırır. 2026-cı ildə şirkətin gəlirlərinin illik müqayisədə 80 faiz artdığı bildirilib. Levantada hazırda 100-dən bir qədər çox əməkdaş çalışır. Şirkət ABŞ və Asiya-Sakit okean regionunda fəaliyyət göstərir və Avropada komandasını genişləndirməyi planlaşdırır
11:14 28.08.2026
Oxunuş sayı: 47