Bakıda vərəm xəstələrinin müalicəsi üçün poliklinika yenidən açılıb
Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Tibb müəssisəsində vərəm və digər tənəffüs sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi üçün geniş imkanlar yaradılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Poliklinikanın şəraiti ilə TƏBİB-in icraçı direktorunun müşaviri Töhfə Cəmilova, Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov tanış olublar.
Tibb müəssisəsinin əsas fəaliyyət istiqamətləri sağlam şəxslərdə vərəmə yoluxma riskinin qarşısının alınması, ağciyər və ağciyərdənkənar vərəm xəstələrinin zəruri hallarda kompleks müalicəsi, eləcə də müalicə prosesində yaranan çətinliklərin aradan qaldırılmasıdır.
Poliklinikada pulmonoloq, ftiziatr, terapevt, pediatr, kardioloq, nevroloq, cərrah və digər ixtisaslar üzrə həkimlər fəaliyyət göstərirlər. Uşaqlarda vərəm və digər tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması, müalicəsi və müşahidəsi üçün ayrıca şöbə də yaradılıb.
Müəssisədə rentgen və ultrasəs müayinələri, spirometriya, bronxoskopiya, elektrokardioqrafiya, elektroensefaloqrafiya, audiometriya, həmçinin müasir laborator-molekulyar-genetik analizlər aparılır.
Tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsi və funksional bərpası məqsədilə fizioterapiya şöbəsi də fəaliyyət göstərir. Bundan əlavə, vərəm xəstələrinin ambulator müalicəsi və dispanser nəzarəti həyata keçirilir, müalicə rejiminə əməl olunmasına nəzarət üçün video nəzarətli terapiya imkanından istifadə edilir.
Bildirilib ki, müasir tibbi avadanlıqlar, ixtisaslı kadrlar və geniş diaqnostik imkanlarla təchiz olunmuş poliklinika əhalinin sağlamlığının qorunmasına və Azərbaycanda vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.
20:14 12.10.2026
Oxunuş sayı: 53