Pensiyalar bu tarixdən artacaq - AÇIQLANDI
Ölkədə sosial təminat sisteminin təkmilləşdirilməsi, pensiyaların artırılması və elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar davam edir. Xüsusilə pensiya təyinatının avtomatlaşdırılması və ayrılan maliyyə resurslarının hacminin artması pensiyaçıların sosial rifahının yüksəldilməsi və sistemdə şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) Crossmedia.az-a açıqlama verib.

Professor bildirib ki, pensiya ödənişlərinə yönəldilən vəsaitin artması pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir:
"Cari ilin yanvar-sentyabr aylarında pensiya ödənişlərinə 5 milyard 874 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 548 milyon manat çoxdur. Sözügedən artım pensiya təminatına ayrılan maliyyə resurslarının genişləndirildiyini göstərir. Pensiya ödənişlərinin artması pensiyaçıların gəlirlərinin yüksəlməsinə xidmət edir. Xüsusilə inflyasiya, ərzaq və kommunal xidmətlərin qiymətlərindəki artımlar fonunda pensiyaların artırılması yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir. Bununla yanaşı, pensiyalardakı nominal artımın real sosial rifaha təsirini müəyyənləşdirmək üçün bu gösterici inflyasiya səviyyəsi və yaşayış xərclərinin dinamikası ilə müqayisəli şəkildə qiymətləndirilməlidir".
R.Sabir vurğulayıb ki, oktyabrın 1-nə olan məlumata əsasən, orta aylıq pensiyanın 596 manata, yaşa görə orta aylıq pensiyanın isə 634 manata çatması pensiya təminatındakı artımı əks etdirir:
"Bununla belə, həmin məbləğlərin pensiyaçıların gündəlik və əsas ehtiyaclarını hansı səviyyədə ödədiyni də nəzərə almaq lazımdır. Əldə olunan nəticələrin davamlılığı üçün pensiyaların artırılması əhalinin real yaşayış xərclərinin dinamikası ilə uzlaşdırılmalı, pensiya sisteminin maliyyə dayanıqlığı qorunmalıdır. Əsas meyar yalnız pensiyalara ayrılan vəsaitin və orta pensiya məbləğinin artması deyil, bu dəyişikliklərin insanların gündəlik həyatında nə dərəcədə real yaxşılaşma yaratmasıdır".
Ekspert həmçinin proaktiv elektron pensiya təyinatı sisteminin üstünlüklərinə diqqət çəkib:
"Elektron pensiya təyinatı sisteminin əhatə dairəsinin genişləndirilməsi sosial təminat sisteminin şəffaflığına və səmərəliliyinə müsbət təsir göstərir. Proaktiv mexanizm dövlət informasiya sistemlərindəki məlumatlar əsasında vətəndaşın pensiya hüququ yarandıqda əlavə müraciət etməsinə ehtiyac qalmadan pensiyanın təyin olunmasına imkan verir. Bu yanaşma bürokratik prosedurların azalmasına, vətəndaşların vaxtına qənaət edilməsinə şərait yaradır. Eyni zamanda, insan amilinin və subyektiv müdaxilə imkanlarının məhdudlaşdırılması rüşvət və korrupsiya risklərinin azaldılmasına, qərarların vahid meyarlar əsasında qəbul edilməsinə və dövlət xidmətlərinə inamın artırılmasına töhfə verir. Proaktiv elektron təyinat sisteminin genişləndirilməsi pensiya təminatının daha əlçatan, operativ və şəffaf şəkildə həyata keçirilməsinə imkan yaratmaqla yanaşı, sosial müdafiə mexanizmlərinin müasirləşdirilməsinə xidmət edir".
Fatimə Cabbarlı
20:00 12.10.2026
Oxunuş sayı: 64