İran Hörmüz boğazında üçüncü supertankeri vurduğunu açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu son iki gün ərzində Hörmüz boğazından keçməyə çalışan üçüncü supertankerin vurulduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, bu səhər vurulan gəmi təxminən 2 milyon barel neft daşımaq gücünə malik olduğuna görə supertanker hesab olunur. Tankerin naviqasiya sistemlərini söndürərək Hörmüz boğazından keçməyə çalışdığı qeyd edilib.
Açıqlamaya əsasən, gəmi boğazda nizam-intizamı və təhlükəsizliyi pozmağa cəhd göstərdiyi üçün İran Silahlı Qüvvələri tərəfindən vurulub. Hadisədən sonra tankerdə yanğın baş verdiyi bildirilib.
Qeyd edək ki, İran ABŞ-nin iyulun 8-də hücumlarını yenidən başlamasından sonra iyulun 12-də Hörmüz boğazını təkrar bağladığını açıqlamışdı.
Tehran rəhbərliyi bundan əvvəl İranın müəyyən etdiyi marşrutdan kənara çıxan və icazəsiz keçid etməyə çalışan gəmiləri hədəf alacağı barədə xəbərdarlıq etmişdi.
22:34 12.10.2026
Oxunuş sayı: 52