RƏSMİ AÇIQLAMA: Məktəblərdə geyim qaydalarına əməl etməyənlər dərslərə buraxılmayıb
Oktyabrın 12-dən Bakıdakı dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydalarına əməl etməsi ilə bağlı monitorinqlərə başlanılıb. Yoxlamalar zamanı müəyyən edilmiş tələblərə uyğun geyinməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Monitorinqlər çərçivəsində şagirdlərin məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına riayət etməsi araşdırılır. Həmçinin məktəblərdə bu tələblərə nəzarətin təşkili və qaydalarla bağlı maarifləndirmə işləri də yoxlanılır.
Təhsil İdarəsinin məlumatına görə, geyim qaydalarının pozulması halları aşkarlandıqda məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllimlərlə profilaktik və maarifləndirici söhbətlər aparılıb, zəruri hallarda valideynlər məktəbə dəvət olunub. Bununla yanaşı, geyim tələblərinə uyğun gəlməyən şəxslərin dərslərə buraxılmadığı hallar da qeydə alınıb.
Bildirilib ki, bəzi məktəblərdə tədris mühitinə uyğun olmayan davranışlara da rast gəlinib. Bu hallar tədris prosesinə mane olmaqla yanaşı, məktəb əmlakına ziyan vurulması ilə nəticələnib. Həmçinin geyim qaydalarının icrası ilə əlaqədar müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid hallarının olduğu qeyd edilib.
Geyim qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur.
21:06 12.10.2026
Oxunuş sayı: 58