Quşların yaydığı gənə ölümə səbəb olur
İstanbulda köçəri quşlarda toplanan gənələr araşdırılır: Krım-Konqo həyəcanı və Asiya uzunbuynuzlu gənəsi təhlükəsi
Afrika ilə Avropa arasında köç edən quşlardan İstanbulda toplanan gənələr beynəlxalq elmi tədqiqat çərçivəsində geniş araşdırılır. Tədqiqatın əsas məqsədi Krım-Konqo qanaxmalı qızdırması (KKKA) başda olmaqla, xəstəlik törədicilərinin qitələr arasında yayılmasını və mümkün epidemiya risklərini əvvəlcədən müəyyənləşdirməkdir.
2025-ci ildən başlayan bu mühüm layihədə Kaliforniya Universitetinin Los-Anceles kampusu (UCLA), Koç Universiteti, İstanbul Universiteti-Cerrahpaşa, Mərmərə Universiteti və Təkirdağ Namıq Kamal Universitetinin alimləri birgə iştirak edirlər. İstanbulun Avcılar rayonundakı Quş Həlqələmə Stansiyasında tutulan köçəri quşların üzərindəki gənələr canlı şəkildə toplanaraq Mərmərə Universitetinə və KUISCID laboratoriyalarına molekulyar analizlər üçün göndərilir. Tədqiqatlar zamanı Türkiyə üçün yeni və potensial təhlükəli hesab olunan Asiya uzunbuynuzlu gənəsinin (Haemaphysalis longicornis) İstanbulda artıq məskunlaşdığı və həyat dövrünü davam etdirdiyi müəyyən edilib. Alimlər bildirirlər ki, əsas hədəf xəstəliklər yayılmadan əvvəl risksiz qabaqlayıcı tədbirlər görməkdir.
Türkiyədə uzunburun gənə növü ilə bağlı Kaliforniya və Los-Anceles universitetlərinin maliyyələşdirdiyi bu layihə çərçivəsində aparılan elmi tədqiqatların nəticələrinə əsasən, əsasən Asiya mənşəli (Yaponiya və Çindən gələn) bu növ quşlarda geniş aşkar edilib. Tədqiqatçılar həmin quşlarda təxminən 17 növ gənə araşdıraraq bunlardan 46 quşda həmin zərərvericilərin olduğunu müəyyən ediblər. Bu fakt gənələrin daşınmasının məhz quşlar vasitəsilə həyata keçirildiyini bir daha sübut edir.
Məlum olub ki, bu uzunburun gənə növlərinə (Parthenogenesis adlananlar) kişisiz (cüt olmadan) çoxalmaq xassəsi məxsusdur. Dişilər çoxlu yumurta qoymaqla qısa müddətdə və sürətlə yayıla bilirlər. Onlar iri buynuzlu mal-qaranın, qoyunların, eləcə də it və pişiklərin bədənində məskən salaraq uzun müddət yaşamaq qabiliyyətinə malikdirlər. Bu gənələr insanlar üçün birbaşa xəstəlik yayıcı sayılmasalar da, heyvanlar üçün ciddi təhlükə yaradır və qısa müddətdə onların ölümünə səbəb ola bilirlər. Tədqiqatlar zamanı Mərmərə dənizi yaxınlığındakı "Kiçikçəkməcə" gölü ətrafında miqrasiya edən və həmin ərazidə yaşayan quşlarda da bu gənələrə rast gəlinib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, iqlim dəyişikliklərinin təsiri nəticəsində qış aylarının daha mülayim keçməsi bu gənələrin yayılma dövrünün uzanmasına və populyasiyasının artmasına şərait yaradır.

Ekoloq qeyd edib ki, əvvəllər yay aylarında başlayıb payızın gəlişi ilə bitən çoxalma dövrü hazırda iqlim yumşaldığı üçün qışda da devam edir: "Bu səbəbdən gənələr daha sürətlə və geniş ərazilərə yayılır. Xüsusilə quşların ev quşları ilə təması və ya onların ölümü təhlükəni daha da artırır. Sadiq Həsənov vurğulayıb ki, Türkiyədə bu növlərin qarşısını almaq üçün müəyyən dərman və preparatlar üzərində işlər aparılır. Bu zərərvericilərin kökünün kəsilməsi və populyasiyasının azaldılması üçün elmi tədqiqatların davam etdirilməsi, həmçinin quşlar və heyvanlar üçün qoruyucu preparatların hazırlanması vacibdir".
Məsələnin Azərbaycan üçün potensial təhlükələrinə toxunan quşçuluq sahəsi üzrə mütəxəssis Mürvət Həsənli isə bildirib ki, ölkəmiz beynəlxalq quş miqrasiyası yolları üzərində yerləşdiyindən köçəri quşlar vasitəsilə yeni gənə növlərinin Azərbaycan ərazisinə gətirilməsi ehtimalı tamamilə realdır: "Xüsusilə Xəzəryanı ərazilər, Kür-Araz ovalığı və su-bataqlıq sahələri bu baxımdan ciddi diqqətdə saxlanılmalıdır".
Mürvət Həsənlinin sözlərinə görə, gənələrin ölkəyə gətirilməsi onların burada mütləq məskunlaşacağı anlamına gəlmir. Bunun üçün uyğun iqlim şəraiti, çoxalma imkanları və münasib heyvan sahibləri olmalıdır: "Lakin iqlim dəyişiklikləri bəzi yad növlərin yayılma riskini artırır. Ekspert hesab edir ki, Azərbaycanda yaz və payız quş miqrasiyası dövründə zooloji və parazitoloji monitorinqlər gücləndirilməli, aşkar edilən gənələr laborator müayinələrdən keçirilməlidir. Eyni zamanda quşçuluq və heyvandarlıq təsərrüfatlarında baytarlıq nəzarəti artırılmalıdır. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və elmi-tədqiqat müəssisələri arasında koordinasiyalı fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyini deyən mütəxəssis, əsas məqsədin təhlükə yarandıqdan sonra onun nəticələri ilə mübarizə aparmaq deyil, potensial riskləri əvvəlcədən müəyyənləşdirərək qabaqlayıcı tədbirlər görməkdən ibarət olduğunu vurğulayıb".
Zeynəb Həsən
20:50 12.10.2026
Oxunuş sayı: 46