ABŞ-də fırtına sahil yolunu dağıtdı: 8 ev boşaldıldı
ABŞ-nin Kaliforniya ştatında “Rachel” tropik fırtınasının yaratdığı güclü dalğalar və sahil daşqınları ciddi dağıntılara səbəb olub. Long-Biç şəhərində yüzillik tarixi sahil gəzinti yolunun bir hissəsi dağılıb, okean sahilində yerləşən 8 ev isə yaşayış üçün yararsız elan edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.
Fırtınanın yaratdığı yüksək dalğalar Long-Biç yarımadasında sahilboyu qoruyucu konstruksiyalara və taxta gəzinti yoluna ciddi ziyan vurub. Dəniz suyu bəzi evlərə və küçələrə daxil olub, sahildəki tikililərin bünövrələrinin zədələnməsi təhlükəni daha da artırıb.
Zərər çəkən 8 evə giriş qadağan edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində əraziyə avtomobillərin və piyadaların girişinə məhdudiyyət qoyulub. Yanğınsöndürənlər sakinləri qorumaq məqsədilə 7 mindən çox qum torbası paylayıblar.
ABŞ Milli Hava Xidməti Kaliforniyanın cənub sahillərində güclü dalğalar və sahil daşqınları ilə bağlı xəbərdarlıqlar yayıb. Bəzi ərazilərdə suyun səviyyəsinin təxminən 2,4 metrə çatması riski qeyd edilib. Fırtınanın təsirləri zəifləsə də, sahilboyu ərazilərdə təhlükənin bir müddət davam edə biləcəyi bildirilir.
20:34 12.10.2026
Oxunuş sayı: 63