İsraildə 80 fələstinlinin evi söküldü: 400 nəfər evsiz qaldı
İsraildə Rəhat şəhərinin şimalındakı Dahiyye kəndində fələstinlilərə məxsus 80 ev sökülüb. Nəticədə təxminən 400 nəfər evsiz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.
Məlumata görə, İsrail Torpaq İdarəsinə bağlı qruplar polis əməkdaşlarının müşayiəti ilə evləri “icazəsiz tikildiyi” əsas gətirilərək söküblər.
İsraildəki fələstinliləri təmsil edən Hadash, Taal və Balad partiyalarının yaratdığı Birgə Siyahı (Ortaq Siyahı) məsələ ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada ailələrin yaşadığı onlarla evin sökülməsi kəskin pislənilib və baş verənlər açıq insan hüquqları pozuntusu kimi qiymətləndirilib.
Bildirilib ki, bölgənin yerli əhalisini torpaqlarından ayırmağa və onları evlərindən məhrum etməyə yönəlmiş yeni təzyiq cəhdi ilə üzləşiblər.
Rəhat şəhər merinin müavini Həsən əl-Nasasra da yazılı açıqlamasında söküntülərin qanunun tətbiqi olmadığını iddia edib. O, baş verənləri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və ətrafının etnik zəmində apardığı seçki kampaniyası kimi qiymətləndirib.
Açıqlamada Ben-Qvirin siyasi maraqlarını ərəb icmasının dağıdılması hesabına təmin etməyə çalışdığı bildirilib.
22:00 12.10.2026
Oxunuş sayı: 51