COP31-də enerji təhlükəsizliyi və iqlim dəyişikliyi əsas mesaj olacaq
Türkiyə COP31 vasitəsilə elektrifikasiya, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə sahələrində beynəlxalq ictimaiyyətə güclü mesaj verməyi hədəfləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 25-ci Dünya Neft Şurasının Enerji Konqresində çıxışı zamanı bildirib.
Bayraktar çıxışına başlamazdan əvvəl husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib. O, Türkiyə hökumətinin və xalqının Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu və ölkəyə güclü dəstək verdiyini vurğulayıb.
Nazir bildirib ki, qlobal enerji bazarları COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi, təchizat zəncirindəki problemlər, yüksək kapital xərcləri və son dövrlərdə Körfəz regionunda baş verən hadisələr səbəbindən davamlı sınaqlarla üzləşir.
Onun sözlərinə görə, ölkələr və şirkətlər arasında əməkdaşlıq enerji bazarlarının dayanıqlılığının təmin olunmasında mühüm rol oynayır.
Bayraktar COP31-in bu istiqamətdə qlobal əməkdaşlığı gücləndirmək üçün əhəmiyyətli platforma olacağını bildirib və “Artıq hərəkətə keçməyin vaxtıdır” mesajını verib.
04:55 13.10.2026
Oxunuş sayı: 54