100 milyon avroluq layihə: Vatikan öz enerjisini özü istehsal edəcək
Vatikan yaxın iki il ərzində Müqəddəs Taxt-Tacın enerji ehtiyaclarını tam ödəyə biləcək böyük bərpa olunan enerji layihəsi həyata keçirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Vatikan təxminən 100 milyon avro (117 milyon dollar) dəyərində aqrovoltaik enerji stansiyası quracaq.
Layihə günəş enerjisi ilə kənd təsərrüfatını birləşdirən sistem əsasında hazırlanır.
Mənbələrin məlumatına görə, stansiyanın gücü 80-90 meqavat arasında olacaq və bu, İtaliyanın ən böyük aqrovoltaik qurğularından birinə çevrilə bilər.
Aqrovoltaik sistemlərdə günəş panelləri torpaqdan bir neçə metr yüksəklikdə yerləşdirilir. Bu üsul həm bitkilərin böyüməsinə imkan verir, həm də kölgə yaradaraq suyun buxarlanmasını azaldır və əkinləri ekstremal hava şəraitindən qoruyur.
Layihə Romanın şimal-qərbində yerləşən və Vatikanın mülkiyyətində olan Santa Maria di Galeria ərazisində həyata keçiriləcək. Bu ərazi 1950-ci illərdən Vatikan Radiosunun yayım mərkəzi kimi istifadə olunur.
Layihənin 18-24 ay ərzində tamamlanması gözlənilir. Hazırda icazə və inzibati prosedurların hazırlanması davam edir.
Vatikan enerji baxımından müstəqil olacaq
Yeni enerji stansiyası ilk növbədə Vatikan Radiosunun yayım qurğularını enerji ilə təmin edəcək və Vatikan şəhər-dövlətinin tam enerji müstəqilliyinə nail olmasına kömək edəcək.
Mənbələrin bildirdiyinə görə, istehsal olunan elektrik enerjisindən Roma şəhərindəki Vatikanla əlaqəli obyektlər, o cümlədən Bambino Cesu xəstəxanası da istifadə edə bilər.
Artıq qalan elektrik enerjisi isə İtaliyaya təqdim olunacaq.
Layihə mərhum Papa Fransiskin prioritetlərindən biri olub. O, iqlim dəyişikliyi ilə bağlı elmi konsensusu qəbul edən ilk papa kimi tanınırdı. Layihə hazırkı Papa XIV Leo tərəfindən də dəstəklənir.
Günəş panellərinin təxminən 200 hektarlıq ərazini əhatə edəcəyi bildirilir. Bu, Santa Maria di Galeria sahəsinin təxminən yarısına bərabərdir.
Vatikanın ekoloji addımları
Vatikan əvvəllər də günəş enerjisinə sərmayə qoyub. 2008-ci ildə Papa XVI Benedikt dövründə Alman şirkətləri tərəfindən hədiyyə edilən 2400 günəş paneli Nervi zalının damında quraşdırılmışdı.
22:11 22.08.2026
Oxunuş sayı: 52