Ukraynanın qurduğu müdafiə sistemi öz qüvvələri üçün də maneəyə çevrilib
Ukraynanın Donbas bölgəsində əvvəlcədən qurduğu müdafiə istehkamları Rusiya hücumlarına qarşı mühüm maneə olsa da, eyni zamanda Ukrayna ordusunun logistikasını çətinləşdirən amilə çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə fransalı OSINT tədqiqatçısı Klement Molen “X” sosial şəbəkəsində yazıb.
O, peyk görüntüləri əsasında Rusiya aviazərbələrinin izlərini təhlil edərək Donetsk vilayətində Moskvanın əsas hücum istiqamətlərinin Dobropolle, Konstantinovka və Slavyansk olduğunu bildirib.
Analitikin sözlərinə görə, Rusiya ordusu dron hücumlarının sayını da artırır. Onun məlumatına əsasən, Drujkovka istiqamətində sutka ərzində 1500-2000 FPV-dron hücumu, Dobropolle bölgəsində isə təxminən 1200 hücum həyata keçirilir.
Molen qeyd edib ki, Ukraynanın qazılmış xəndəklər, tikanlı məftillər və tank əleyhinə maneələrdən ibarət müdafiə xətləri Rusiya qüvvələrinin sızma taktikasına qarşı effektivdir. Lakin bu istehkamlar Ukrayna hərbçilərinin cəbhə xəttinə yaxın ərazilərdə sərbəst hərəkət imkanlarını da məhdudlaşdırır.
Onun sözlərinə görə, Ukrayna ordusu müdafiə xətlərində öz texnikası üçün keçidlər saxlayıb, lakin Rusiya qüvvələri məhz həmin dar keçidlərdə Ukrayna texnikasını hədəfə almağa çalışır.
Molen bildirib ki, Pokrovsk şəhərinin şimalında yerləşən Rodinsk artıq Rusiya qüvvələrinin nəzarətinə keçib. Konstantinovka uğrunda döyüşlərin isə davam etdiyini qeyd edən analitik hesab edir ki, şəhərin təxminən 50 faizi Rusiya qüvvələrinin, 10-15 faizi isə Ukrayna ordusunun nəzarətindədir. Qalan ərazilər isə boz zona hesab olunur.
Analitik əlavə edib ki, avqust ayı əvvəlki illərdə olduğu kimi Rusiya qüvvələri üçün Donbasda daha sürətli irəliləyiş dövrü ola bilər. Onun fikrincə, Moskva qış başlamazdan əvvəl şəhər ərazilərinə çatmağa çalışır, çünki açıq ərazilərdə hərəkət qış aylarında daha çətin olur.
Bununla belə, Molen vurğulayıb ki, Rusiya hücum əməliyyatlarında itkilər yüksək olaraq qalır və əldə edilən irəliləyiş böyük qiymətə başa gəlir.
18:54 22.08.2026
Oxunuş sayı: 60