8 ölkə İsrailin məskunlaşma siyasətinin dayandırılmasını tələb edib
BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, İndoneziya, Pakistan, Türkiyə və Misirin xarici işlər nazirləri İsrailin işğal altındakı Fələstin ərazilərində davam etdirdiyi məskunlaşma siyasətini pisləyərək onun dayandırılmasını tələb ediblər.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Nazirlər birgə bəyanatlarında Şərqi Qüdsün şərqində həyata keçirilməsi planlaşdırılan E1 layihəsinə xüsusi etirazlarını bildiriblər.
Onların fikrincə, layihənin həyata keçirilməsi İordan çayının qərb sahili ilə Şərqi Qüds arasında ərazi bütövlüyünü təhlükə altına qoyur. Həmçinin bunun 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması perspektivinə mənfi təsir göstərə biləcəyi vurğulanıb.
Xarici işlər nazirləri İsrail məskunlaşmaçılarının zorakılığını da pisləyiblər. Onlar beynəlxalq ictimaiyyəti qanunsuz məskunlaşma fəaliyyətinə cəlb olunan şəxslərə və təşkilatlara qarşı tədbirlər görməyə, o cümlədən sanksiyalar tətbiq etməyə çağırıblar.
Bəyanatda E1 layihəsinin və Fələstin ərazilərinin coğrafi və demoqrafik xüsusiyyətlərini dəyişdirməyə yönəlmiş digər fəaliyyətlərin dərhal dayandırılması tələb olunub.
Nazirlər iki dövlətli həllin ədalətli və davamlı sülhə aparan yeganə real yol olaraq qaldığını vurğulayıblar.
13:06 22.08.2026
Oxunuş sayı: 55