Qırmızı, yoxsa ağ soğan: hansı daha faydalıdır?
Soğan bir çox yeməklərin əsas inqrediyentlərindən biridir. Lakin onun qırmızı və ağ növlərindən hansının daha faydalı olduğu və gündəlik qidalanmada hansına üstünlük verilməsinin məqsədəuyğunluğu müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, "Prevention" bu barədə dietoloqların fikirlərinə istinadən məlumat yayıb.
Dietoloq Ceymi Baxamın sözlərinə görə, qırmızı soğan antosianlarla zəngindir. Bu maddələr ürək-damar sisteminin qorunmasına kömək edə və bəzi xərçəng növlərinin yaranma riskinin azalmasına təsir göstərə bilər.
Araşdırmalara əsasən, antosianlar osteoporoz, xərçəng və ürək-damar xəstəlikləri kimi xroniki xəstəliklərlə mübarizədə faydalı ola bilər.
Qırmızı soğanın tərkibində kversetin də yüksək miqdardadır. Pharmaceuticals jurnalında dərc olunan icmala görə, bu maddə iltihabın azalmasına, hüceyrələrin zədələnmədən qorunmasına və xərçəng hüceyrələrinin böyüməsinin qarşısının alınmasına kömək edə bilər. Kversetinin qan təzyiqi və xolesterin səviyyəsini potensial olaraq aşağı sala biləcəyi də bildirilir.
Bundan əlavə, qırmızı soğan ürək sağlamlığında mühüm rol oynayan kalium və sümüklərin və dişlərin formalaşmasına kömək edən fosforla zəngindir.
Mütəxəssislərin fikrincə, soğanın faydalılığı yalnız rəngindən asılı deyil. Həm qırmızı, həm də ağ soğan sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin qırmızı soğan bəzi antioksidant maddələrin daha yüksək miqdarı ilə seçilir.
01:20 21.08.2026
Oxunuş sayı: 58