Səhiyyə

Uşağın tərbiyəsində ailə üzvlərinin rolu böyükdür. Uşaq ailənin bütün fərdlərindən müxtəlif davranışlar görür və götürür. Bu da uşağın tərbiyəsinin formalaşmasına səbəb olur. Ailəsi tərəfindən sərhədsiz, aşırı qayğı və sevgi ilə böyüdülən uşaqlar isə ərköyün xarakterə sahib olurlar. Bu xarakter uşağın müxtəlif yaş dövrlərində cəmiyyətdə problemlərlə qarşılaşmasına səbəb olur.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan Ahəng PRİM rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, ərköyünlük sadəcə valideynlərin deyil, bütün ailə üzvlərinin rəftarı ilə bağlıdır:

“Valideynlərin uşağın tərbiyəsində və uşağın gələcəyində çox böyük rolu var. Bəzən ərköyünlük təkcə valideynlərin deyil, həmçinin evdə olan digər şəxslərin – nənə, baba, bibilərin və s. təsiri ilə də olur. Ərköyün uşaqlar çox vaxt evdə bir neçə tərbiyə görən, çətinliyə düşəndə evdəki digər doğmasının yanına çəkilən, yəni bir neçə insandan “olar, olmaz” eşidən uşaqlarda baş verir və ya hər şey uşaq üçün edilirsə, bu da uşaqların ərköyün olmasına təsir göstərir”.

Psixoloq qeyd edib ki, ərköyünlük çox zaman ana və atanın reallaşmamış arzularını həyata keçirməsi ilə yaranır:

“Əlbəttə ki, ərköyün uşaqlar özləri də bəzən özlərini sonradan bəyənmirlər. Çünki görürlər ki, hamı onlardan narazıdır, hamı onlara qarşı fərqli düşüncə ilə yanaşır, onları özlərindən uzaqlaşdırır. Ərköyün uşaqlar çox vaxt ana-atanın reallaşmamış arzularını həyata keçirməsi ilə yaranır. Məsələn, ana-atanın müəyyən şeyləri olmayıb, buna görə də uşağı üçün hər şeyi edir, istədiyi hər şeyi alır, bəzən də uşağını aşırı müdafiə edir, aşırı sevgi bəsləyir, düşünür ki, mənim uşağım heç vaxt səhv edə bilməz, hamı səhvdir, mənim övladım düzgündür, mənim uşağıma nəsə olsa dünyanı dağıdaram kimi sözləri uşaq eşidir və bununla da ərköyünləşməyə başlayır”.

Sonda isə həmsöhbətimiz bildirib ki, bu faktlar uşağın şəxsiyyət kimi yetişməsinə mənfi təsir göstərir. Çünki o, şəxsiyyət kimi tam yetişə bilmir, həmişə natamamlıq kompleksindən əziyyət çəkir. Valideynlərindən aldığı sevgini, diqqəti digər hər kəsdən ala bilmir.

Saida Ramazanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il