Gündəm

Türk Dövlətləri Təşkilatının üzvü olan Azərbaycanın COP29 beynəlxalq tədbirində önəmli rolu Türk dünyası ilə olan birliyini gücləndirir. Əksər Türk ölkələrinin liderlərinin iştirakı, Azərbaycanın yalnız öz milli maraqları çərçivəsində deyil, daha geniş regional birliyin inkişafı üçün səy göstərdiyini nümayiş etdirir. Bu tədbir, Azərbaycan-Türk dünyası əlaqələrinin inkişafında əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Azərbaycanın COP29 beynəlxalq iqlim sammitinə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Crossmedia.az-a verdiyi açıqlamada T.Rüstəmxanlı bildirib ki, bu hadisə Azərbaycanın etibarlı dövlət kimi dünyadakı imicinə ciddi təsir göstərəcək. O, Türk Dövlətləri Təşkilatının üzvü olan Azərbaycan üçün bu tədbirin həm də türk dünyası ilə birliyini nümayiş etdirdiyini qeyd edib.


Tənzilə Rüstəmxanlı vurğulayıb ki, belə bir mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycanın etibarlı və nüfuzlu bir dövlət kimi dünyadakı mövqeyini daha da gücləndirəcək: "Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvüdür və türk dünyasının bir parçasıdır. Bu səbəbdən türk ölkələrinin COP29-da prezidentlər səviyyəsində iştirakı çox təbiidir. Bu həm də Prezidentimiz İlham Əliyevin türk dövlət başçıları ilə olan yüksək səviyyəli əlaqələri sayəsində mümkün olub. Türk liderləri onun səylərini görür və dəstəkləyirlər".


T.Rüstəmxanlı Prezident İlham Əliyevin türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan mesajlarını xatırladaraq qeyd edib ki, çox az ölkə lideri türk dünyasının birliyini açıq şəkildə dəstəkləyə bilir. O əlavə edib: "Bu, artıq milli ideologiyanın beynəlxalq arenada dövlət başçısı səviyyəsində dilə gətirilməsidir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də bu uğurların davamını arzulayıram".

O, həmçinin xatırladıb ki, on il əvvəl Türk Dünyası Araşdırmaları Vəqfinin mərhum başqanı Turan Yazgan demişdi: "Bir gün gələcək, Azərbaycan Qafqazın parlayan ulduzu olacaq".  Azərbaycanın bu günlərdə yaşadığı inkişaf və nailiyyətlər həmin proqnozun reallığa çevrildiyini göstərir.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il