Gündəm

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya müsahibə verib.

Crossmedia.az müsahibəni təqdim edir:

“Münaqişədən əziyyət çəkən ölkələrin rəqəmsal iqlim transformasiyası prosesində onlara xüsusi yanaşma olmalıdır”

- Dünən münaqişədən əziyyət çəkən bir qrup ölkə iqlim dəyişikliyindən daha çox əziyyət çəkdiklərinə dair müraciət yayıb. Düzdür, Azərbaycan bu təşəbbüsün üzvü deyil, amma münaqişədən əziyyət çəkib. Bu müraciətə münasibətinizi bilmək istərdik.

- Sualınıza keçməmişdən əvvəl, fürsətdən istifadə edərək, APA informasiya agentliyinin yaranmasının 20-ci ildönümü ilə bağlı agentliyin rəhbərliyi başda olmaqla bütün kollektivi səmimi qəlbdən və ürəkdən təbrik edirəm. APA informasiya agentliyi Azərbaycan Respublikasının informasiya məkanında öz xüsusi çəkisi, rolu olan media strukturudur. APA-nın informasiyaları təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, o, geniş bir informasiya məkanını əhatə edir, regionda, eyni zamanda, regiondan kənarda informasiya axınının formalaşmasında öz xüsusi yeri var. Biz həm də dünyanın aparıcı media orqanlarının APA-ya artan istinadlarını görürük. Belə desək, geniş bir anlamda APA informasiya agentliyinin ölkəmizin, həmçinin geniş bir regionun informasiya axınının və informasiya məkanının formalaşmasında öz rolu var. Bu da ağır zəhmətin, intensiv işin nəticəsidir. Bütün kollektivə gələcək işlərində uğurlar arzulayıram. Bu gün COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan mediası, o cümlədən APA informasiya agentliyi digər media strukturlarımızla çiyin-çiyinə, dünya mediası ilə birlikdə bu tədbirin işıqlandırılmasında yaxından iştirak edir. Bildiyiniz kimi, informasiya məkanında da ciddi rəqabət var. Bu tədbirdə də informasiya əldə edilməsi, informasiyaların hazırlanması, ötürülməsində öncülük prinsiplərinə əsaslanaraq bir sağlam rəqabət mühiti var. Bu rəqabət mühitində də Azərbaycanın informasiya resursları çox qabaqcıl mövqelərdədir. Sizi buna görə də ayrıca təbrik etmək istərdim.

Konkret sualınıza gəldikdə isə, bəli, Azərbaycan Respublikası qeyd olunan təşəbbüsə qoşulmayıb. Çünki Azərbaycan Respublikası artıq münaqişəni həll edib. Azərbaycanda münaqişə yoxdur, lakin münaqişənin fəsadları qalmaqdadır. Biz bu baxımdan həmin ölkələri tam şəkildə başa düşürük və onların narahatlıqlarını da anlayırıq. Çünki münaqişədən əziyyət çəkən ölkələr iqlim dəyişikliyinin fəsadlarına ən çox məruz qalan ölkələr sırasındadır. Onların da müəyyən yardıma və dəstəyə ehtiyacı var. Belə desək, 30 il işğala, Ermənistanın Azərbaycana qarşı hərbi işğalı və təcavüzünə məruz qalan ölkə kimi Azərbaycan Respublikası da bunun fəsadlarını qabarıq şəkildə görmüşdü. Fikrimizi belə də ifadə edə bilərik ki, əgər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı, 30 il davam edən bu işğal faktoru olmasaydı, Azərbaycan özünün yaşıl gündəliyində və Yaşıl konsepsiyasının həyata keçirilməsində daha da böyük nailiyyətlərə imza atmış olardı. Amma buna baxmayaraq, gördüyünüz kimi, Qarabağ və Şərqi Zəngəzur azad olunandan sonra dərhal cənab Prezidentin müvafiq qərarlarına uyğun olaraq, həmin ərazi sıfır tullantı zonası elan olundu. Dövlətimizin siyasəti bundan ibarətdir. Azərbaycan Respublikası qısa müddət ərzində yaşıl transformasiya nöqteyi-nəzərindən nə qədər ciddi nailiyyətlər əldə edib. Bunun başqa bir tərəfi ondan ibarətdir ki, işğal, təcavüz və hərbi əməliyyatlar həmin ərazinin ekoloji mühitinə və ekosisteminə də ciddi zərbə vurur. Ermənistanın bu illər ərzində işğal altındakı ərazilərimizin flora və faunasının məhv etdiyini gördük. Bütün bunların hamısı sənədləşdirilib. Hesab edirik ki, COP29 bu kimi məsələlərin qaldırılması, müzakirə olunması baxımından vacibdir. Ona görə də qeyd etdiyiniz suala bir daha qayıdaraq bildirirəm ki, biz bu dövlətlərin narahatlığını yaxından başa düşürük, anlayırıq. Hesab edirik ki, münaqişədən əziyyət çəkən ölkələrin rəqəmsal iqlim transformasiyası prosesində onlara da xüsusi yanaşma olmalıdır.

“Azərbaycanın yanaşmasında ardıcıllıq və sistemlilik var”

- Bəs münaqişəni həll etdikdən sonra Azərbaycanın qlobal xarici siyasəti necə inkişaf edir?

- Artıq Azərbaycan üçün münaqişə keçmişdə qalıb. Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ümumiyyətlə, Azərbaycan Respublikasının Ermənistanın işğalına və təcavüzünə son qoyması və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etməsi dünyada münaqişələrin həll edilməsinin çox nümunəvi modellərindən biridir. Məhz cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan siyasi və hərbi metodlarla özünün ərazi bütövlüyünü tam şəkildə təmin edib. Münaqişənin uzun müddət Azərbaycanın gündəliyində qalması müəyyən məhdudiyyətlər, müəyyən buxovlar yaradırdı. Məqsəd də bu idi ki, Azərbaycanın xarici siyasət hədəflərinin həyata keçirilməsinə müəyyən maneələr, əlavə məhdudiyyətlər yaradılsın. Münaqişənin başa çatması ilə, yəni ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə Azərbaycan məxsus olduğu fərqli geosiyasi identifikliyi və kimliyi əsasında daha böyük bir coğrafi məkanda xarici siyasət həyata keçirir. COP29-un Azərbaycanda keçirilməsi bunun bariz nümunələrindən biridir. Gördüyünüz kimi, məhz Azərbaycan qlobal gündəliyin ən vacib, ən narahatedici mövzularından biri olan, dünyamiqyaslı tədbirə, COP29-a ev sahibliyi edir. Və buna da çox müvəffəqiyyətlə ev sahibliyi edir. Belə ki, təşkilatçılıq baxımından, substantiv və mahiyyəti üzrə aparılan müzakirələr baxımından Azərbaycan bunu mükəmməl şəkildə həyata keçirir. Digər tərəfdən, COP29-un davamı olaraq, 2026-cı ildə Bakı Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu da BMT miqyasında ən böyük tədbirlərdən biridir. Hətta BMT-də belə bir deyim var ki, iqlim məsələləri şəhərlərdə meydana gəlir və iqlimlər elə şəhərlərdə də məhv olur. Çünki iqlimi ən çox çirkləndirən məkanlardan biri də şəhərlərdir. Azərbaycanın yanaşmasında ardıcıllıq və sistemlilik var. Azərbaycan postmünaqişə şəraitində 9 şəhər, yüzlərlə kəndi sıfırdan yenidən qurmaqla unikal bir model ortaya qoymuş olur. Azərbaycanın daha da qloballaşan, daha da geniş coğrafiyanı əhatə edən xarici siyasətin konturları cənab Prezident tərəfindən müəyyən edilib. Bunun başqa bir nümunəsini də qeyd edə bilərəm. Cənab Prezident bu günlər ərzində 50-dən artıq müxtəlif görüşlər keçirdi. Bu görüşlərin coğrafiyasına baxsaq görərik ki, orada Latın Amerikası, Afrika, Asiya, Avropa ölkələri təmsil olunur, dünyanın elə qitəsi yox idi ki, həmin ölkələr əhatə olunmasın. Hətta bir sıra ölkələr var idi ki, onlarla bizim diplomatik əlaqələrimiz olsa da, ticari-iqtisadi, mədəni əlaqələrimiz bir o qədər də geniş inkişaf etməyib. Bu da Azərbaycanın qarşısında yeni bir istiqaməti müəyyən etmiş oldu. Bundan sonra Azərbaycan qlobal gündəlikdə duran mövzulara töhfə verilməsi, problemlərin aradan qaldırılması nöqteyi-nəzərindən daha geniş məcralı xarici siyasət həyata keçirəcək.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il