Gündəm

Noyabrın 14-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılış mərasimi keçirilib.

Crossmedia.az xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya “IDEA” (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.

Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və “IDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.

Leyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişiklikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. Leyla Əliyeva iqlim dəyişikliyi və çirklənmə məsələsinin, həmçinin Azərbaycanın ekosisteminə ciddi təsir göstərdiyini bildirib, mövcud problemlərin həllinə çox nikbinliklə və kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. O, 2011-ci ildə təsis edilmiş “IDEA” İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.

Sonra çıxış edən türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, təbiətin insanlara deyil, insanların təbiətə ehtiyacı var və dünyamız bu gün böyük təhlükə altındadır. S.Özcan bu cür çətinliklərin olduğu bir dövrdə Bakıda iqlim dəyişikliyi ilə bağlı təşkil edilən tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim dəyişmələrinin qarşısını almaq və daha yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə “IDEA” İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.

"Bu iki sərgi "Gələcək Naminə Pakt"da əks olunmuş üzv dövlətlərin öhdəliyi, COP29 müzakirələrin əsas mövzusunu təşkil edəcək işlər ilə həmahəngdir. Həmçinin bu sərgilər qəlbimə xüsusən bağlıdır, çünki onlar incəsənət, texnologiya və ətraf mühit öhdəliyinin kəsişən məqamlarını əks etdirir. Bizi düşündürən bu cür işlər laqeydliyin fəsadlarını xatırladır və hər tamaşaçını planetimizdə carçı rolunda düşünməyə vadar edir. Həmin sərgilər bizi hərəkətə səsləyir və hamımızı seçimlərimizin təsiri, eləcə də gələcək nəsillərə hansı mirası qoyacağımız barədə düşündürür", - deyə Tatyana Valovaya videomüraciətində qeyd edib.

Sonra qonaqlar MAMA “Ana təbiət” və “Öz töhfəni ver!” sərgilərinə baxış keçiriblər.

 

“Öz töhfəni ver!” sərgisi isə ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və ekomədəniyyətin təbliğinə həsr olunub. Layihə insanların ekoloji maarifləndirilməsini artırmağa, uşaq və yeniyetmələri ekoloji gündəliyə cəlb etməyə, onların ekoaktivliyini populyar formatlarda dəstəkləməyə hədəflənib.

Sərgi üç hissədən ibarətdir. “Əvvəllər belə idi. Bundan sonra nə olacaq?” adlı birinci hissədə XIX-XX əsrlərin bir sıra görkəmli rəssamlarının müxtəlif qitələrin mənzərələrini əks etdirən əsərləri və süni intellekt texnologiyasının imkanları ilə həmin mənzərələrin qlobal istiləşmə nəticəsində necə dəyişəcəyi göstərilir. Burada Klod Monenin “Su zanbağı gölməçəsi”, Pol Sezanın “Sent-Viktuar dağı”, Albert Birştadın “Syerra-Nevada arasında, Kaliforniya” və digər müəlliflərin əsərlərindəki mənzərənin ətraf mühitə mənfi təsirlərin nəticəsində hansı dəyişikliklərə uğrayacağı təsvir edilir. Tamaşaçıya “Qlobal istiləşmənin qarşısı alınmazsa, həmin mənzərələr nə hala düşəcək? Növbəti nəsillər onları görə biləcəkmi?” sualları ünvanlanır.

Sərginin ikinci hissəsi “17 dayanıqlı inkişaf məqsədi” adlanır. Burada 2015-ci il sentyabrın 25-də 193 ölkənin iştirakı ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilən və “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı sənədə daxil olan davamlı inkişafın hər üç komponenti - iqtisadi, sosial və ekoloji tarazlığın təmini nümayiş etdirilir.

Ekspozisiyanın “Öz töhfəni ver!” adlı üçüncü hissəsi isə insanları səyləri birləşdirərək təbiətin qorunmasında iştiraka səsləyir. Ziyarətçilər ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində maraqlı, qeyri-standart, yaradıcı ideya və təşəbbüslərini bədii şəkildə, əlvan boyalarla təsvir etmək imkanı qazanır. Layihə təşkilatçıları insanları tərəddüd etmədən ətraf mühitin qorunması, planetimizin xilası naminə hərəkətə keçməyə çağırır.

Xatırladaq ki, sərgi Azərbaycan ilə BMT arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan ilk layihə deyil. 2022-ci ilin iyununda BMT-nin Cenevrədəki bölməsində “Mənim dənizlərim, mənim okeanlarım”(My Seas, My Oceans) fotosərgisi, 2022-ci ilin oktyabrında Bakıda Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” (“17 Faces of Action”) fotosərgisi təşkil edilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il