Gündəm

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda kitab təqdimatı keçirilib.

Crossmedia.az xəbər verir ki , tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, alimlər və analitiklər iştirak edərək kitabda əhatə olunan mövzular üzərində fikir mübadiləsi aparıblar. Kitab, Azərbaycana qarşı sanksiyaların arxasında duran erməni lobbiçiliyinin təsirini və bu prosesin siyasi korrupsiya ilə əlaqələrini dərinləşdirərək araşdırır.


Açılış nitqi ilə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, erməni lobbiçiliyinin siyasi sanksiyalar üzərindəki təsirindən danışaraq, bu təzyiqlərin beynəlxalq hüquq prinsiplərinə uyğun olmadığını vurğulayıb. “Siyasi sanksiyalarla bağlı lobbiçilik, parlament diplomatiyasına və qanun yaradıcılığı missiyasına zidd olmaqla, hüququn siyasi alətə çevrilməsidir," – deyə Zahid Oruc bildirib. O, qərarların qanuni əsaslara deyil, maraq qruplarının təsirinə əsaslanaraq qəbul olunmasının qlobal hüququn əsas prinsiplərinə zərbə vurduğunu qeyd edib.

Milli Məclisin deputatı Rəmid Namazov çıxışında Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna diqqət çəkib. O, COP29 çərçivəsində ölkəmizə göstərilən dəstəyi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki gücünün göstəricisi kimi qiymətləndirdi və vurğuladı ki, bu dəstək, erməni lobbiçiliyinin Azərbaycana qarşı təsirinin zəiflədiyinin və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndiyinin təzahürüdür.


Tədbirdə çıxış edən deputat Fariz İsmayılzadə, sanksiyaların "hibrid müharibə" aləti kimi istifadəsini vurğuladı. “30 illik işğal dövründə Ermənistana qarşı niyə sanksiyalar tətbiq edilməyib?" sualını verən İsmayılzadə, bunun erməni lobbiçiliyi ilə əlaqəli olduğunu bildirib və Azərbaycanın üzləşdiyi ədalətsiz münasibətləri diqqətə çatdırıb. O, Ermənistanın işğalçılıq siyasətinə göz yumulmasının Azərbaycana daha çox təzyiq və təhdidlərlə qarşılaşmasına səbəb olduğunu vurğulayıb.


Təqdimatda Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədr müavini Tahirə Allahyarova çıxış edərək, erməni lobbiçiliyinin Azərbaycana qarşı tətbiq edilən sanksiyalarda necə bir təsir göstərdiyini və siyasi korrupsiya vasitəsilə bəzi ölkələrdə mənfi qərarların qəbuluna necə nail olunduğunu izah edib. O, beynəlxalq hüquq çərçivəsində bu təzyiqlərə qarşı mübarizə üçün uyğun strategiyaların hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Tədbir mövzu ətrafında çıxışlar və müzakirələrlə davam edib.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il