Gündəm

Bakıda keçirilən COP29 Beynəlxalq İqlim Sammiti, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji problemlərin həlli üçün əhəmiyyətli bir platforma yaratmaq məqsədini daşıyır. Lakin, Azərbaycan bu tədbirlə bağlı beynəlxalq diqqət mərkəzində olduğu zaman, Avropadan gələn bəzi qüvvələr sammitin diqqətini yayındırmağa çalışır. Bu qüvvələrdən biri, "məşhur isveçli ekoloji fəal" kimi tanınan Qreta Tunberqdir. O, Tiflisdə Azərbaycana qarşı aksiya keçirdikdən sonra İrəvana gedib, Azərbaycanın mövqeyinə qarşı forumlarda çıxışlar edib və "erməni soyqırımı" memorialı qarşısında şəkil çəkdirib. Tunberqin ardınca, Tiflisdə Azərbaycana qarşı aksiyalarda iştirak edən Vəfa Nağı da diqqət mərkəzinə çevrilib. Bu hərəkətlər COP29 sammiti zamanı nəyə görə Azərbaycanı hədəf alır və hansı məqsədləri güdür?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, Azərbaycan COP29 sammitinin sədri seçildikdən dərhal sonra bəzi dairələrin təzyiqləri ilə üzləşdi. “Zəngin enerji ölkəsi olmağımız ətrafında spekulyasiyalar apardılar. Onlar iddia edirlər ki, neft-qaz ölkəsi iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verə bilməz. Bu isə absurd bir yanaşmadır,” - deyə K.Nurullayeva vurğulayıb.
Azərbaycanın sammitə hazırlıqlarının yüksək səviyyədə həyata keçirildiyini qeyd edən deputat, BMT rəhbərliyi və beynəlxalq ictimaiyyətin də təşkilatçılığı yüksək qiymətləndirdiyini əlavə edib. Xüsusilə ABŞ rəsmilərinin Bakının sammiti dialoqu asanlaşdıracaq bir platformaya çevirdiyini bəyan etməsi, Azərbaycanın mövqeyinin gücləndirildiyini göstərir. Prezident İlham Əliyevin açıqlamasına əsasən, sammitdə 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı, o cümlədən 80 Prezident, Vitse-prezident və Baş nazir iştirak edir. Bu, dünya ictimaiyyətinin Bakıda bir araya gələrək aktual məsələləri müzakirə etməsi baxımından əhəmiyyətlidir.

Deputat K.Nurullayeva, bəzi "ekoloji fəalların" qərəzli çıxışlarının əslində Azərbaycandan çox BMT-yə ünvanlandığını vurğulayıb. “Bu tədbir əslində BMT-yə məxsusdur, Azərbaycan yalnız ev sahibidir. Buna görə də, qərəzli dairələrin etirazları, BMT-nin təşkilatçılığına qarşı yönəlmiş bir addım kimi qiymətləndirilməlidir,” - deyə o bildirib.

Azərbaycanın COP29 sammiti ərəfəsində olduğu kimi, tədbir müddətində və sonrasında da təzyiqlərlə üzləşdiyini deyən K.Nurullayeva, bu qarayaxma kampaniyalarının Azərbaycanın mövqeyini zəiflədə bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, ölkənin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər gördüyünü və öz hədəflərindən yayınmadığını göstərmək üçün bu təzyiqlər bir motivasiya rolunu oynayır.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətin dəstəyi, ölkənin ekoloji və enerji sahəsindəki güclü mövqeyini təsdiqləyir. Lakin, bəzi dairələr bu uğurları kölgə altına salmaq üçün destruktiv fəaliyyətlər həyata keçirməyə çalışır. Buna baxmayaraq, Azərbaycan hədəflərinə doğru inamla irəliləyir.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il