Türk dünyası

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq. Qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir. Atılan addımların Türk xalqlarına faydalarının nə olacağı və gələcəkdə növbəti mərhələdə hansı məsələlərə nəzər yetiriləcəyi maraq doğurur.

Mövzu ilə bağlı fikirlərini Crossmedia.az-a bildirən Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin qeyd edib ki, bu gün Türk dövlətləri arasında mühüm qərarların alınması və icrası üçün vacib olan əsas siyasi iradənin olmasıdır:

“Artıq bütün Türk dövlətləri siyasi, hüquqi, iqtisadi və mədəni müstəvidə bir birlik formasında konsalidasiyalı şəkildə fəaliyyət göstərirlər. Türk dövlətləri arasında ciddi heç bir fikir ayrılıqları yoxdur, ölkə başçıları arasında səmimi və qarşılıqlı hörmətə dayanan isti münasibətlər var. Ortaq tarixi keçmişimizin olduğu kimi, ortaq gələcəyimizin də bu birlikdən asılı olduğunu artıq bütün Türk xalqları da anlayır. Bu yaxınlarda TDT-nın təkmilləşdirilmiş yeni, ortaq bayrağı da qəbul olundu. Bunun davamı olaraq, ortaq Türk himnin yazılması, hətta bu atributların davamı olaraq, ortaq Türk gerbinin yaradılması da labüddür. İnanırıq ki, bu proseslər ard-arda, həm də çox sürətlə davam edəcəkdir”

İlqar İlkin TDT dövlət başçılarının bu il Şuşada imzaladıqları Şuşa Bəyannaməsinə diqqət çəkərək, bildirib ki, ortaq əlifbanın yaradılması, gələcəkdə ortaq lüğətin hazırlanması kimi vacib məqamlar bizləri vahid Türk milləti kimi yenidən bütövləşdirəcək: 

“Bunlar çox təcili görülməli işlərdir. Artıq bu prosesdə ölkələrimiz arasında bütün institutlar, bütün icra strukturları qarşılıqlı əməkdaşlıq edirlər, hər bir sahədə əməkdaşlıq günü-gündən də dərinləşir. Təbii ki, bu cür əməkdaşlıqları genişləndirən və davamlı edən əsas faktorların başında siyasi iradə ilə yanaşı, həm də iqtisadi əlaqələrin qurulması, region üçün vacib olan ortaq iqtisadi layihələrin həyata keçirilməsidir. TDT Şuşa Bəyannaməsində bu istiqamətdə mühüm qərarlar da alınıb. Ümid edirik ki, yaxın bir neçə il ərzində bu layihələrin hər biri gerçəkləşəcəkdir”.

Qeyd edək ki, bir müddət əvvəl  TDT ölkələrinin ortaq əlifbası da hazırlanıb.

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il