Gənclər arasında onkoloji xəstəliklər artır - SOS
Artıq xərçəng xəstəliyinin müəyyən mənada gəncləşməsi ilə bağlı müşahidələr var. Bunun səbəbi isə xərçəngin çoxfaktorlu xəstəlik olmasıdır. Burada həm genetik, həm epigenetik, həm ekoloji, həm qidalanma, həm də həyat tərzi faktorları rol oynayır.
Bunu Crossmedia.az-a geniş müsahibəsində https://crossmedia.az/az/article/98591 tibbi onkoloq Zülfiyyə İmamquliyeva deyib.
O, bildirib ki, ekologiya, qidalanma tərzimiz, həyat tərzimiz, istifadə etdiyimiz qidalar – bunların hamısı birlikdə orqanizmə təsir edə və immun sisteminin fəaliyyətini zəiflədə bilər: “Bu faktorların uzun illər ərzində təsiri nəticəsində xərçəng xəstəliyinin inkişafına şərait yarana bilər. Məsələn, siqaret ağciyər xərçənginin əsas risk faktorlarından biridir. Amma ağciyər xərçənginin adenokarsinoma kimi növləri də var ki, xüsusilə qadınlarda daha erkən yaşlarda müşahidə oluna bilir və heç bir siqaret istifadəsi ilə əlaqəsi olmaya bilər. Alkoqolun da müxtəlif xərçəng növlərinin inkişafında rolu var. Qidalanma, xüsusilə həddindən artıq emal olunmuş, çox duzlu, çox ədviyyatlı və yandırılmış qidaların müntəzəm istifadəsi də müəyyən xərçəng növləri üçün risk yarada bilər”.
Həkim bildirib ki, xərçəng çoxfaktorlu xəstəlik olduğu üçün ölkələr üzrə də xəstələrin yaş strukturunda dəyişikliklər müşahidə olunur: “Məsələn, neyroendokrin şişlər əvvəllər xərçəng xəstəlikləri arasında çox az faiz təşkil edirdi. Hazırda isə bu xəstəliklərin aşkarlanması və sayı artmaqdadır. Burada da ekologiya, radiasiya və digər çoxsaylı faktorların rolunu nəzərə almaq lazımdır”.
05:00 12.08.2026
Oxunuş sayı: 38