Aİ rusiyalı idmançıların yarışlara qayıdışına qarşıdır
Avropa İttifaqının rusiyalı idmançıların beynəlxalq yarışlara qayıdışının qarşısını almaq üçün yeni addımlar atmağa hazırlaşdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu bu barədə məlumat yayıb.
Məlumata görə, Aİ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaq qərarından narahatdır. Avropa İttifaqının rusiyalı idmançıların yarışlara buraxılması halında həm BOK-un, həm də digər idman təşkilatlarının maliyyələşdirilməsini azaltmaq variantını nəzərdən keçirdiyi bildirilir.
XKX qeyd edib ki, Avropa rəsmilərini xüsusilə rusiyalı idmançıların 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında milli bayraq və himnlə tam hüquqlu iştirakı ehtimalı narahat edir.
İyulun 7-də BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılmasını müvəqqəti olaraq ləğv edib və beynəlxalq federasiyalara rusiyalı idmançılara tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağı tövsiyə edib. Bununla belə, bəzi federasiyalar Rusiya idmançıları ilə bağlı mövqelərinin dəyişməyəcəyini açıqlayıb.
Xatırladaq ki, BOK 2022-ci ilin fevralında beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarının yarışlara buraxılmamasını tövsiyə etmişdi. 2023-cü ilin sonunda isə təşkilat rusiyalı və belaruslu idmançıların 2024-cü il Paris Olimpiadasında neytral statusda iştirakına icazə verib.
2025-ci il sentyabrın 19-da BOK-un rəhbəri Kirsti Koventri rusiyalı idmançıların 2026-cı il Olimpiadasında iştirakı ilə bağlı əvvəlki yanaşmanın saxlanılacağını bildirib. Nəticədə Milana 13 rusiyalı idmançı neytral statusda yollanıb və onlardan yalnız skayalpinizm üzrə idmançı Nikita Filippov gümüş medal qazanıb.
13:37 11.08.2026
Oxunuş sayı: 51