Sürücülərin KASKO dərdi bitir - Yeni qərar
KASKO sığortası ilə bağlı yaxın günlərdə tətbiq olunacağı açıqlanan dəyişikliklər avtomobil sahiblərinin sığorta xidmətlərinə münasibətində yeni mərhələnin başlanmasına səbəb ola bilər. Mərkəzi Bankın elan etdiyi yeniliklərin detalları hələ tam açıqlanmasa da, əsas gözlənti sığorta bazarında şəffaflığın artırılması, istehlakçı hüquqlarının daha etibarlı qorunması və sığorta sektoruna inamın gücləndirilməsidir. KASKO üzrə sığorta haqqının necə hesablanması, müqavilələrdə hansı təminat və istisnaların yer alması, qəza zamanı zərərin necə qiymətləndirilməsi və avtomobilin hansı ehtiyat hissələri ilə təmir olunması kimi məsələlər sürücülərin ən çox diqqət etdiyi mövzulardandır. Bu baxımdan yeni dəyişikliklərin yalnız qiymətlərə deyil, sığortaçı ilə sığortalı arasındakı münasibətlərə də təsir etməsi gözlənilir.

Sığorta eksperti Vüsal Bədəlov Crossmedia.az-a açıqlamasında KASKO bazarında dəyişikliklərin hansı istiqamətlərdə aparılmasının vacib olduğunu açıqlayıb:
“KASKO sığortası ilə bağlı Mərkəzi Bank yaxın günlərdə dəyişiklik olacağı ilə bağlı məlumat verib. Ancaq tam dəyişikliklərin detalları, konkret olaraq hansı yeniliklərin tətbiq ediləcəyi ilə bağlı məlumat hələ tam açıqlanmayıb. Fikrimcə, ümumiyyətlə KASKO sığortası bazarının canlandırılması və sığorta sektoruna inamın artırılması üçün sığorta sahəsində beynəlxalq standartlara əsaslanaraq müəyyən dəyişikliklər edilməlidir. Lakin bu dəyişikliklər yalnız sığorta haqqına və sığorta məbləğinə əsaslanan dəyişikliklərlə məhdudlaşmamalıdır”.
Ekspert qeyd edib ki, birinci növbədə sığorta sektorunda inkişaf istəyiriksə, istehlakçının etibarını qazanacaq, onun güvənəcəyi sığorta bazarı formalaşdırmalıyıq:
“Bu dəyişikliklər mütləq şəkildə sığortaçı ilə sığortalının qarşılıqlı bağladığı müqavilənin şərtlərinə təsir göstərməlidir. İlk növbədə sığorta qaydalarında təminatlar, istisnalar, sığorta müqaviləsi bağlandıqdan sonrakı proses və sığortalıya, yəni istehlakçıya hansı formada xidmət göstəriləcəyi aydın şəkildə əks olunmalıdır. Gələcəkdə avtomobilə dəymiş zərərin hesablanmasının hansı bazar standartlarına uyğun aparılacağı, təmir zamanı hansı ehtiyat hissələrindən istifadə ediləcəyi – orijinal, yoxsa alternativ ehtiyat hissələrinin tətbiq olunacağı – mütləq şəkildə bildirilməlidir”.
Ekspert qeyd edib ki, azadolma məbləği də müqavilədə detallı şəkildə göstərilməlidir: “İstisnalarla bağlı hər hansı azadolma tətbiq olunursa və ya müəyyən qayda nəzərdə tutulursa, bunlar öncədən istehlakçıya və sığortalıya açıq şəkildə bildirilməlidir.
Beynəlxalq yanaşmada sığorta müqaviləsi bağlanarkən gələcəkdə sığortalı ilə sığortaçı arasında münasibətləri tənzimləyən aydın müqavilə modeli tətbiq olunur. Sığorta haqqına gəldikdə isə demək olar ki, hazırda Avropa və Amerika bazarlarında sığorta haqları Azərbaycandan daha yüksəkdir və burada risk əsaslı sığorta haqları hesablanır. Sığorta haqqı müəyyən edilərkən həm sürücünün, həm avtomobilin marka və modeli, həm sürücünün sürücülük təcrübəsi, yaşı, ümumiyyətlə yaşadığı ərazi nəzərə alınır.
Azərbaycanda isə orta sığorta haqqı, demək olar ki, 2,5–3,5 faiz əmsalı ilə nəqliyyat vasitəsinin ilinə və dəyərinə görə dəyişir. Bunlara mütləq şəkildə dəqiq nəzər yetirilməlidir. Sığorta haqları da hazırda qonşu ölkələrlə müqayisədə Azərbaycanda çox normal, hətta bir neçə qonşu ölkədən daha aşağıdır. Bunun əsas səbəbi risk əsaslı sığorta haqqının hesablanması sisteminin olmaması və konkret olaraq vahid orta hesabla 2,5–3,5 faiz əmsalı nisbətində sığorta haqlarının hesablanmasıdır.
Mərkəzi Bankın dəyişikliklərində sığorta sektorunda inkişaf və KASKO sığortasına sığortalıların marağının artırılması hədəflənirsə, sığorta müqaviləsinin şərtlərində aydınlıq və şəffaflıq təmin edilməlidir. Gələcəkdə sığortalının baş verə biləcək hadisələr zamanı hansı xidməti, neçə gün ərzində və hansı formada alacağı mütləq sığorta müqaviləsində qeyd olunmalıdır. Sığorta müqaviləsində gələcəkdə baş verə biləcək mübahisəli məsələləri minimuma endirmək lazımdır və müqavilə şərtləri də məhz buna əsaslanmalıdır”.
Zeynəb Həsən
12:30 10.08.2026
Oxunuş sayı: 58