Mikrom plastiklər qaraciyər yağlanmasını ağırlaşdıra bilər
Alimlər polietilen mikrom plastiklərinin qaraciyər yağlanmasının əlamətlərini gücləndirə və qeyri-sağlam qidalanma ilə birlikdə xəstəliyin gedişatını ağırlaşdıra biləcəyini müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, “Science Advances” jurnalı bu barədə məlumat yayıb.
Araşdırma Texas A&M Universitetinin Baytarlıq Təbabəti və Biotibbi Elmlər Kollecinin mütəxəssisləri tərəfindən Oklahoma Universitetinin alimləri ilə birgə aparılıb.
Tədqiqatçılar plastik istehsalının təxminən üçdə birini təşkil edən polietilenin təsirini araşdırıblar. Bu material qida qablaşdırılması, qida plyonkaları, ərzaq saxlama qabları və içki stəkanlarının örtüklərində geniş istifadə olunur.
Nəticələr göstərib ki, polietilen mikrom plastiklərinə məruz qalma özlüyündə qaraciyər hüceyrələrində artıq yağ toplanması ilə xarakterizə olunan qaraciyər yağlanmasının əlamətlərini gücləndirə bilər. Mikrom plastiklərin yüksək miqdarda yağ, fruktoza və xolesterin ehtiva edən qidalanma ilə birlikdə təsiri isə vəziyyəti daha da ağırlaşdırıb.
Texas A&M Universitetinin baytarlıq fiziologiyası və farmakologiyası kafedrasının dosenti Adi Joşi bildirib ki, burger və qazlı içkilər kimi məhsulların üstünlük təşkil etdiyi Qərb tipli qidalanmaya riayət edən şəxslərdə polietilenə məruz qalma ilə yanaşı qaraciyər yağlanmasının inkişaf riski daha yüksək ola bilər.
Mikrom plastiklərin qaraciyərə necə təsir etdiyini müəyyənləşdirmək üçün alimlər məkan transkriptomikası metodundan istifadə ediblər. Bu üsul hüceyrələrin yerləşmə məlumatını qorumaqla genlərin fəaliyyətini birbaşa toxuma daxilində təhlil etməyə imkan verir.
Araşdırma zamanı polietilenin qaraciyərdə yağ əmələ gəlməsini tənzimləyən PPAR-alfa zülalını aktivləşdirdiyi müəyyən edilib. Alimlər həmçinin toxumaların bərpasında iştirak edən ANXA2 geninin mümkün rolunu aşkar ediblər.
Joşinin sözlərinə görə, müəyyən edilən mexanizm polietilenin qaraciyərə təsirini izah etməyə kömək edir və gələcəkdə bu təsirin mənfi nəticələrinin azaldılması yollarının araşdırılmasına imkan yarada bilər.
Alimlər mikrom plastiklərin xəstəliyin daha da irəliləməsinə, o cümlədən qaraciyər fibrozunun inkişafına səbəb olub-olmadığını müəyyənləşdirməyi planlaşdırırlar. Onlar həmçinin mikrom plastiklərin təsirində iştirak edən digər molekulyar mexanizmləri və PPAR-alfa yolu vasitəsilə bu təsirin azaldılmasının mümkün olub-olmadığını araşdırmaq niyyətindədirlər.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, nəticələr polietilen mikrom plastiklərinin insanlarda qaraciyər yağlanmasına səbəb olduğu anlamına gəlmir. Araşdırma təsirin mümkün mexanizmini ortaya qoyur və bu istiqamətdə əlavə tədqiqatlara əsas verir.
01:30 10.08.2026
Oxunuş sayı: 48