Rusiyada miqrantlarla bağlı sərt addım: Azərbaycanlılar bu hallarda deportasiya ediləcəklər
Rusiya Prezidenti Vladimir Putin əcnəbilərin ölkədən deportasiya olunmasına səbəb ola biləcək inzibati xətaların siyahısını genişləndirən qanunu imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Yeni qanuna əsasən, əcnəbilər bir sıra inzibati pozuntulara görə Rusiyadan çıxarıla biləcəklər.
Deportasiya tətbiq edilə biləcək hallar arasında milliyyətinə, dininə və cinsinə görə ayrı-seçkilik, sərhəd xidməti zamanı hərbçi və ya polis əməkdaşının qanuni tələbinə tabe olmamaq, xırda xuliqanlıq, mitinq qaydalarının pozulması, yolların bağlanması, narkotik istifadəsi, qadağan olunmuş simvolların təbliği, Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq və sanksiyalara çağırışlar yer alır.
Siyahıya həmçinin xarici agentlərin fəaliyyəti və fövqəladə vəziyyət rejimi ilə bağlı qaydaların pozulması, eləcə də arzuolunmaz təşkilatların fəaliyyətində iştirak da daxil edilib.
Qanun giriş qaydalarının pozulması və qanunsuz əmək fəaliyyəti ilə bağlı cərimələri də artırır. Belə hallarda minimum cərimə məbləği 2 min rubldan 4 min rubla yüksəldiləcək.
Yeni qaydalara əsasən, deportasiyadan yayınmaq məqsədilə şəxsin ailə vəziyyəti və ya Rusiyada qalma müddəti ilə bağlı məlumatlardan istifadə etməsinə də məhdudiyyət qoyulacaq.
12:33 05.08.2026
Oxunuş sayı: 61